Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 22-də növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq.
İmtahan Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcək. Namizədlər qeydiyyat zamanı seçdikləri test mərkəzinin ünvanına diqqət yetirməli və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən binaya yaxınlaşmalıdırlar.
İmtahan Bakı şəhərində Akademik Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən TC60129 və Süleyman Sani Axundov küçəsi 50 ünvanında fəaliyyət göstərən TC56582 test mərkəzlərində keçiriləcək.
İştirakçılar saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar. Namizədin yanında şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, “Admission Ticket” və “College Board”un tələblərinə cavab verən adapteri ilə birlikdə notbuk və ya planşet olmalıdır.
Bu sənədlərdən hər hansı birinin təqdim edilməməsi və ya sənədlərdə məlumat uyğunsuzluğu aşkarlanması halında namizəd imtahana buraxılmayacaq.
İştirakçılar özləri ilə kalkulyator, qələm və ya karandaş da gətirə bilərlər. İmtahan zamanı qaralama üçün istifadə ediləcək vərəqlər isə test mərkəzi tərəfindən təqdim olunacaq.
DİM xüsusilə elektron cihazla bağlı tələblərə diqqət çəkir. Notbuk və ya planşetini özü ilə gətirməyən, həmçinin “College Board” vasitəsilə uyğun cihazın sorğulanması prosesindən keçməyən şəxslərin imtahanda iştirakına icazə verilməyəcək.
Avqustun 22-də keçiriləcək SAT imtahanının iştirakçıları test günündən ən geci beş gün əvvəl “Bluebook” tətbiqindəki şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (“test set-up”) mərhələsini tamamlamalıdırlar. Bu proses başa çatdıqdan sonra buraxılış vərəqəsi onlayn şəkildə təqdim ediləcək.
DİM-in məlumatına görə, 2026-cı ildə Mərkəzin hər iki binasında daha dörd SAT imtahanının keçirilməsi planlaşdırılır. Növbəti imtahanlar 12 sentyabr, 3 oktyabr, 7 noyabr və 5 dekabr tarixlərinə nəzərdə tutulub.
Rəqəmsal SAT ilə bağlı ətraflı məlumatı DİM-in rəsmi səhifəsindən və College Board-un rəsmi SAT səhifəsindən əldə etmək mümkündür.
İmtahanla bağlı əlavə suallar yaranarsa, namizədlər DİM-in [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.