Azərbaycanda ən yüksək və ən aşağı maaşlar – Arada 5,8 dəfə fərq var

Azərbaycanda ən yüksək və ən aşağı maaşlar –

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb.

Əməkhaqqı göstəriciləri iqtisadi fəaliyyət sahələri üzrə ciddi fərqlənib. Ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların orta maaşı 4 317,3 manat olub.

Maliyyə və sığorta fəaliyyəti üzrə orta aylıq əməkhaqqı 3 123,1 manat, informasiya və rabitə sahəsində 2 147,2 manat, peşə, elmi və texniki fəaliyyət üzrə 1 940,8 manat təşkil edib.

Daha sonra dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsi 1 745 manat, nəqliyyat və anbar təsərrüfatı 1 568 manat, digər xidmət sahələri 1 509 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar 1 343,8 manat və tikinti 1 238,8 manatla qərarlaşıb.

Ən aşağı orta aylıq əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində olub. Bu sahədə göstərici 744,5 manat təşkil edib. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində orta maaş 763,5 manat, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 798,6 manat olub.

Mülkiyyət növləri üzrə də əməkhaqqında fərq qeydə alınıb. Dövlət müəssisələrində çalışanların orta aylıq nominal əməkhaqqı 1 163,9 manat, özəl müəssisələrdə isə 1 184,5 manat təşkil edib.

Beləliklə, özəl sektorda orta maaş dövlət sektoru ilə müqayisədə 20,6 manat və ya təxminən 1,8 faiz yüksək olub.

Neft-qaz və qeyri-neft-qaz sektorları arasında isə fərq daha böyükdür. Neft-qaz sektorunda çalışanların orta aylıq əməkhaqqı 4 534,6 manat, qeyri-neft-qaz sektorunda isə 1 114,2 manat olub. Bu, neft-qaz sektorunda orta əməkhaqqının qeyri-neft-qaz sektorundan təxminən 4,1 dəfə yüksək olduğunu göstərir.

İqtisadi fəaliyyət sahələri üzrə ən yüksək maaşla ən aşağı maaş arasında da böyük fərq formalaşıb. Belə ki, mədənçıxarma sənayesində 4 317,3 manat olan orta əməkhaqqı kənd təsərrüfatındakı 744,5 manatlıq göstəricidən təxminən 5,8 dəfə çoxdur.