Dünyada ödənişli məzuniyyət reytinqi: Azərbaycan ilk sıralarda

Dünyada ödənişli məzuniyyət reytinqi:

Dünyada ödənişli məzuniyyət günlərinin sayı açıqlanıb

İranda qanunla müəyyən edilmiş ödənişli məzuniyyət və rəsmi bayram günlərinin ümumi sayı 53 gün təşkil edir ki, bu da ölkəni dünyada ilk sıraya çıxarır.

Monetar.az xəbər verir ki, 2025-ci il üzrə 185 ölkəni əhatə edən araşdırmaya əsasən, qanunla müəyyən edilən ödənişli məzuniyyət və rəsmi bayram günlərinin qlobal orta göstəricisi 30 gün olub.

Reytinqdə Yəmən 45 günlə ikinci, Bəhreyn və Butan 44 günlə üçüncü, Madaqaskar, Niger və Toqo isə 43 günlə növbəti pillələrdə qərarlaşıb.

Azərbaycan 42 günlə reytinqdə ön sıralarda yer alıb. Eyni göstərici Küveyt, Mali, Peru, Rusiya və Türkmənistanda da qeydə alınıb.

Əlcəzair, Kot-d’İvuar, Ekvatorial Qvineya, Gürcüstan, Qvineya, Maldiv adaları və Panamada isə ödənişli məzuniyyət və rəsmi bayram günlərinin ümumi sayı 41 gün təşkil edib.

ABŞ 10 günlə 185 ölkə arasında sondan əvvəlki pillədə qərarlaşıb. Yalnız Mikroneziyada göstərici daha aşağıdır. ABŞ-da federal qanun özəl sektorda işəgötürənlərdən ödənişli məzuniyyət verməyi tələb etmir.

Avropa ölkələri əsasən qlobal orta göstəricinin ətrafında və ya ondan yuxarı nəticə göstərib. İslandiyada bu göstərici 40 gün, İsveç, Portuqaliya və Slovakiyada isə 35 gün təşkil edib.

Asiyanın bəzi iri iqtisadiyyatlarında göstərici daha aşağıdır. Çində 16, Hindistanda 18, Yaponiyada isə 26 gün ödənişli məzuniyyət və rəsmi bayram günü nəzərdə tutulur.

Araşdırmada qeyd olunur ki, göstəricilər yalnız işçilərə qanunla zəmanət verilən ödənişli istirahət günlərini əhatə edir və ayrı-ayrı ölkələrdə işçilərin faktiki olaraq istifadə etdiyi məzuniyyət müddəti bundan fərqlənə bilər.