Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən etibarən 149 dövlət orqanı üzrə 847 vakant inzibati vəzifənin tutulması üçün dövlət qulluğuna qəbul müsabiqəsinin müsahibə mərhələsini elan edib.
Vakansiyalardan 12-si AB, 103-ü AC, 111-i BA, 621-i isə BB vəzifə qrupuna aiddir. Elan edilən vəzifələrin 86-sı 36 yerli icra hakimiyyəti orqanı, 306-sı 68 məhkəmə hakimiyyəti orqanı, 59-u isə Naxçıvan Muxtar Respublikasının 23 dövlət orqanı tərəfindən təqdim olunub.
Ən çox vakant yer Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilib. Nazirlik üzrə müsahibəyə ümumilikdə 237 vəzifə çıxarılıb.
Müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak edə bilərlər:
- dövlət qulluğu üzrə qüvvədə olan sertifikata malik namizədlər;
- müvafiq vəzifənin təhsil istiqaməti üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
- Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun vəzifələrdə dövlət orqanlarında azı 10 il iş stajı olan şəxslər.
Namizədlər 17 avqust–15 sentyabr 2026-cı il saat 18:00-dək DİM-in internet portalında "Dövlət qulluğu üzrə müraciət forması"nı dolduraraq qeydiyyatdan keçməlidirlər. Müraciət zamanı təqdim edilən məlumat və sənədlərin aktuallığı və tamlığı namizəd tərəfindən təsdiqlənməlidir.
Müsahibədə iştirak üçün qeydiyyata alınmayan namizədlərə bu barədə elektron bildiriş göndəriləcək. Çatışmazlıqlar 3 iş günü ərzində aradan qaldırıldıqdan sonra qeydiyyat bərpa edilə bilər. Müəyyən olunmuş müddətdə çatışmazlıqlar aradan qaldırılmazsa, namizəd müsahibəyə buraxılmayacaq.
Müsahibənin keçirilmə vaxtı və yeri sənəd qəbulu başa çatdıqdan sonra DİM-in portalında, namizədlərin şəxsi kabinetində və müvafiq dövlət orqanlarının internet səhifələrində yerləşdiriləcək.
Qanunvericiliyə əsasən, dövlət qulluğu sertifikatı qüvvədə olduğu hər il ərzində namizəd beş müsahibədə ödənişsiz iştirak edə bilər. Bu limitdən artıq müraciətlər ödənişlidir. Tariflər vəzifə qrupundan asılı olaraq 41 manatdan 59 manatadək dəyişir.
Namizədlər müsahibə qrafiki şəxsi kabinetdə yerləşdirildikdən sonra 48 saat ərzində iştirak edib-etməyəcəklərini təsdiqləməli, iştirak etməyəcəkləri halda isə şəxsi kabinet vasitəsilə imtina etməlidirlər. DİM bildirib ki, əsassız iştirak etməmə halları məlumat bazasında qeydə alınır və müsahibələrin təşkilinə, həmçinin uğurlu namizədlərin təyinat prosesinə mənfi təsir göstərir.