Kanada Nigerdə neft-kimya kompleksi tikəcək

Kanada Nigerdə neft-kimya

Kanadanın sənaye və energetika şirkəti "Zimar Inc." Nigerdə 1,9 milyard ABŞ dolları dəyərində neft emalı və neft-kimya kompleksi inşa edəcək. Bu barədə "Bloomberg" Niger Dövlət Radio və Televiziyasına istinadən məlumat yayıb.

Müasir kompleksin Nigerin cənub-qərbində yerləşən Dosso şəhərində tikilməsi planlaşdırılır. Müəssisənin gündəlik emal gücünün 100 min barel olacağı gözlənilir.

Nigerin xarici işlər naziri Bakari Sanqare bildirib ki, layihə ilə bağlı yekun saziş şənbə günü paytaxt Niameydə imzalanıb. Müqavilə dərhal qüvvəyə minib və ümumilikdə 16 illik dövrü əhatə edir. Bunun üç ili tikinti, qalan 13 ili isə obyektin istismarı üçün nəzərdə tutulub.

Razılaşmaya əsasən, "Zimar Inc." layihənin maliyyələşdirilməsini, tikintisini və idarə edilməsini həyata keçirəcək. Müqavilə müddəti başa çatdıqdan sonra kompleks Niger hökumətinin mülkiyyətinə veriləcək.

Yekun saziş tərəflərin 2024-cü ilin oktyabrında imzaladığı ilkin razılaşmadan sonra aparılan danışıqlar nəticəsində əldə olunub. Bakari Sanqarenin sözlərinə görə, Niger hökuməti layihənin şərtlərinə yenidən baxılmasını təklif edib və bu dəyişikliklər yekun müqavilədə öz əksini tapıb.

Layihə Nigerin neft sektorunun inkişaf strategiyasının bir hissəsidir. Rəsmi qiymətləndirmələrə əsasən, ölkənin təsdiqlənmiş neft ehtiyatları təxminən 3 milyard barel təşkil edir.

Bu həftə Niger, həmçinin Əlcəzairlə birgə Aqades regionunda yerləşən Kafra neft blokunda qazma işlərinə başlayıb. Bundan əlavə, "Sonatrach" şirkətinin dəstəyi ilə Beninin Seme terminalı vasitəsilə "Meleck" markalı xam neftin ilk ixrac partiyası göndərilib.

Yeni neft emalı və neft-kimya kompleksinin istifadəyə verilməsi dənizə çıxışı olmayan Nigerin daxili emal imkanlarını artıracaq, əlavə dəyər yaradan istehsalı genişləndirəcək və ölkənin xam neft ixracından asılılığını azaltmağa kömək edəcək.

MONETAR.AZ