Tikinti materiallarının statistikası beton kimi qarışıqdır

Tikinti materiallarının statistikası

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 2 milyon 286,4 min ton sement klinkeri istehsal edilib. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artım deməkdir.

Hesabat dövründə əmtəəlik sement klinkerinin istehsalı isə 905,8 min ton təşkil edib və illik müqayisədə 60,4 faiz artıb.

Əhəng istehsalında da yüksək artım qeydə alınıb. Yanvar-iyul aylarında 22 min ton əhəng istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövründən 73,2 faiz çoxdur.

Beton istehsalı 2 milyon 633,7 min ton təşkil edib və 2,7 faiz artıb. Asfalt istehsalı isə 76,6 min ton olmaqla 2,1 dəfə yüksəlib.

Bununla yanaşı, tikinti materiallarının bir sıra növləri üzrə istehsal azalıb. Tikinti şüşəsi istehsalı 5 milyon 706,2 min kvadratmetr olmaqla 4,9 faiz, tikinti kərpicləri istehsalı 330,3 min kubmetr olmaqla 13,8 faiz azalıb.

Sement istehsalı da 1,5 faiz azalaraq 2 milyon 246,2 min ton təşkil edib.

Gips məmulatlarının istehsalı 61,3 faiz azalaraq 32,3 min ton, ondan tikinti gipsinin istehsalı isə 66,8 faiz azalaraq 26,8 min ton olub.

Sementdən və betondan kərpiclər və oxşar məmulatların istehsalı 30,9 faiz azalaraq 54,6 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 17,6 faiz azalaraq 48,7 min kubmetr təşkil edib.

1 avqust 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 470,5 min ton sement klinkeri, 222 min ton sement, 2 milyon 312,7 min kvadratmetr tikinti şüşəsi və 25,1 min kubmetr tikinti kərpicləri hazır məhsul ehtiyatı olub.