Hindistan bankları 2026-cı ilin əvvəlindən bəri beynəlxalq bazarlarda rekord həcmdə dollar istiqrazı yerləşdiriblər. "Bloomberg"in məlumatına görə, kredit təşkilatları indiyədək ümumilikdə 8 milyard dollar dəyərində istiqraz buraxaraq 2019-cu ildə qeydə alınmış 7,92 milyard dollarlıq əvvəlki rekordu geridə qoyublar.
Avqust ayı isə bu bazar üçün tarixin ən fəal dövrü olub. Bu müddətdə ən azı dörd iri emitent, o cümlədən "State Bank of India", "ICICI Bank" və "Axis Bank" beynəlxalq investorlar üçün dollar istiqrazları yerləşdirib.
Dollarla borclanmanın sürətlənməsində Hindistan Ehtiyat Bankının (RBI) iyunun əvvəlində tətbiq etdiyi güzəştli valyuta svopu mexanizmi mühüm rol oynayıb. Yeni mexanizm banklara və dövlət şirkətlərinə valyuta riskindən qorunma xərclərini azaltmağa imkan verir. Orta borclanma müddəti ən azı üç il olan əməliyyatlar üzrə illik sabit svop dərəcəsi 1,5% müəyyən edilib. Güzəştli proqram 31 dekabr tarixinədək qüvvədə qalacaq.
"Nomura"nın qiymətləndirməsinə əsasən, bu il Hindistan şirkətlərinin həyata keçirdiyi dollar borclanmalarının təxminən üçdə ikisi bank sektorunun payına düşüb. Analitiklər bildirirlər ki, banklar cəlb etdikləri vəsaitdən həm fəaliyyətlərinin maliyyələşdirilməsi, həm də xaricdə yaşayan hindistanlıların depozitlərini cəlb etmək imkanlarını genişləndirmək üçün istifadə edirlər.
Beynəlxalq borclanma bazarında fəallıq həm dövlət, həm də özəl banklar tərəfindən davam etdirilir. Məlumata görə, "Kotak Mahindra Bank" və "Yes Bank" da iri həcmli dollar istiqrazlarının yerləşdirilməsi imkanlarını qiymətləndirir və bu məqsədlə artıq maliyyə məsləhətçilərini cəlb ediblər.
Analitiklərin fikrincə, RBI-nin təqdim etdiyi güzəştli mexanizm qüvvədə qaldığı müddətdə Hindistan banklarının beynəlxalq kapital bazarlarında fəallığının yüksək səviyyədə qalacağı gözlənilir.
MONETAR.AZ