"Ford" bəzi "Lincoln" modellərinin istehsalını ABŞ-a köçürəcək

"Ford" bəzi "Lincoln" modellərinin istehsalını

"Ford Motor" şirkəti 2030-cu ildən etibarən bəzi "Lincoln" modellərinin istehsalını Çindən ABŞ-a köçürməyi planlaşdırır. Bu barədə şirkətin baş icraçı direktoru "Reuters" agentliyinə müsahibəsində məlumat verib.

Şirkət rəhbərinin sözlərinə görə, bu qərar mürəkkəb olsa da, ABŞ avtomobil sənayesinin gücləndirilməsi baxımından zəruri addımdır.

Hazırda Çindən idxal olunan benzin mühərrikli avtomobillər və elektromobillər yüksək gömrük rüsumlarına tabedir. "Ford" bildirib ki, şirkətin Çindən ABŞ-a idxal etdiyi əsas model olan "Lincoln Nautilus" üçün tətbiq edilən gömrük rüsumu 52,5% təşkil edir.

"Reuters"in məlumatına görə, ABŞ-da istehsal ediləcək "Lincoln" avtomobilləri ilk növbədə daxili bazarda satış üçün nəzərdə tutulacaq. Bu addım şirkətin ABŞ-da istehsal güclərini artırmaq və idxaldan asılılığı azaltmaq strategiyasının tərkib hissəsi hesab olunur.

MONETAR.AZ