Böhran dövrlərində gümüş və qızılın gəlirliliyi

Böhran dövrlərində gümüş və

Bazar böhranları və iqtisadi tənəzzül dövrlərində qızıl və gümüşün qiymət dinamikası fərqli xüsusiyyətlər nümayiş etdirir. Məlumatlar göstərir ki, qızıl daha sabit qoruyucu aktiv kimi çıxış etdiyi halda, gümüş daha yüksək dəyişkənliy' məruz  qalır.

Araşdırmaya əsasən, 2025-ci ildə gümüşün illik gəlirliliyi 148 faiz təşkil edib. Bu göstərici qızılın 65 faizlik artımından xeyli yüksək olub.

2008-ci il qlobal maliyyə böhranı zamanı qızılın qiyməti 3,4 faiz artdığı halda, gümüş 26,9 faiz ucuzlaşıb. Lakin bazarların bərpası ilə gümüş daha sürətli yüksəliş göstərib. 2009-cu ildə gümüş 57,5 faiz, 2010-cu ildə isə 80,3 faiz bahalaşıb. Qızıl isə həmin illərdə müvafiq olaraq 27,6 faiz və 27,7 faiz artıb.

Ekspertlər qeyd edirlər ki, gümüş həm qiymətli metal, həm də sənaye xammalı kimi istifadə olunur. Buna görə də onun qiyməti həm investor tələbindən, həm də sənaye sektorundakı vəziyyətdən asılıdır.

İqtisadi zəifləmə dövründə sənaye tələbinin azalması gümüşə təzyiq göstərə bilər. Lakin iqtisadi aktivlik bərpa olunduqda gümüş daha sürətli bahalaşa bilər. Bu xüsusiyyət gümüşü qızılla müqayisədə daha dəyişkən aktivə çevirir. İnvestorlar üçün qızıl daha çox sabitlik və riskdən qorunma vasitəsi kimi, gümüş isə daha taktiki və yüksək gəlir imkanları olan investisiya aləti kimi qiymətləndirilir.

Qızıl və gümüşün illik gəlirliliyi

İl                     Qızıl                 Gümüş

2008            +3,4 %                  -26,9 %

2009             +27,6 %               +57,5 %

2010             +27,7 %                +80,3%

2020              +24,4 %                 +47,4 %

2025              +64,7 %               +148,1 %

Araşdırmaya görə uzunmüddətli perspektivdə günəş enerjisi, elektrikləşmə və sənaye tətbiqlərindən artan tələbat fonunda gümüş investorların diqqətində qalmaqda davam edir.

Bununla belə, məlumatlar göstərir ki, qiymətli metallar arasında seçim zamanı investorlar qızılın sabitliyini və gümüşün daha yüksək dəyişkənliyini nəzərə almalıdırlar.

MONETAR.AZ