London Metal Birjasında (LME) və Nyu-York Əmtəə Birjasında (Comex) əlvan metalların qiymətlərində azalma qeydə alınıb. Xüsusilə mis və qalay bazarında müşahidə olunan geriləmə makroiqtisadi və geosiyasi risklərlə əlaqələndirilir.
LME-də misin bir tonunun qiyməti 2,42% azalaraq 14 026,28 dollara enib. Həftəlik müqayisədə metalın dəyəri 3,15% aşağı düşüb.
Comex birjasında isə mis fyuçersləri 2,44% ucuzlaşaraq bir funt üçün 6,3828 dollar səviyyəsində ticarət olunub. Bu birjada həftəlik eniş 3,88% təşkil edib.
Qalayın qiymətində də geriləmə müşahidə edilir. LME-də metalın dəyəri 2%-dən çox azalıb. Rüblük nəticələrə görə, qalay 10% ucuzlaşaraq birjanın altı əsas metalı arasında ən zəif dinamika nümayiş etdirən aktiv olub.
“Cofco Futures” şirkətinin analitiki Hu Vanqiu bildirib ki, mövcud makroiqtisadi şərait əlvan metalların qiymətlərinə ciddi təzyiq göstərir.
Analitikin fikrincə, ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra geosiyasi münaqişələrin və beynəlxalq gərginliyin yenidən kəskinləşməsi ehtimalı bazarlardakı narahatlığı artıran amillərdəndir.
Bu şəraitdə investorların risk iştahasının zəifləməsi və bazar iştirakçılarının ehtiyatlı mövqeyə keçməsi əlvan metalların qiymətlərindəki enişi gücləndirə bilər.
MONETAR.AZ