Gümüş qızılı 53 il sonra yaxaladı

Gümüş qızılı

Hazırda gümüşün unsiya qiymətinin 100 ABŞ dollarını keçməsi qiymətli metallar bazarında tarixi paralelləri yenidən gündəmə gətirib. Maraqlıdır ki, qızıl bu səviyyəni sonuncu dəfə təxminən yarım əsr əvvəl geridə qoyub.

Mütəxəssislərin bildirdiyinə görə, qızılın unsiyası sonuncu dəfə 1973-cü ildə 100 dollar səviyyəsində satılıb. Bundan əvvəl isə uzun illər ərzində qızılın qiyməti sabit olub.

Belə ki, 1971-ci ilə qədər qızıl Bretton-Vuds valyuta sistemi çərçivəsində rəsmi olaraq 35 ABŞ dolları səviyyəsində qiymətləndirilib. Həmin ildə ABŞ-ın bu sistemi ləğv etməsindən sonra qızıl sərbəst bazarda ticarət olunmağa başlayıb və qiymətlər sürətlə yüksəlib.

Nəticədə 1973-cü ildə qızılın unsiyası ilk dəfə 100 dollar həddini keçib. 1974-cü ildən sonra isə qiymətlər bu səviyyədən xeyli yuxarı qalxıb və qızıl bir daha 100 dollara enməyib.

Ekspertlər bildirirlər ki, bu baxımdan gümüşün hazırda 100 dollar həddini aşması tarixi baxımdan diqqətçəkən məqamdır. Çünki qızıl üçün bu səviyyə artıq təxminən 53 il əvvəl geridə qalıb.

Analitiklərin fikrincə, gümüş və qızıl qiymətləri arasındakı tarixi nisbətlər fonunda mövcud vəziyyət bazarlarda qeyri-adi və “ekstremal” mərhələ kimi qiymətləndirilir. Bu tendensiyanın yaxın dövrdə qiymətli metallar bazarında yeni balans axtarışlarına səbəb ola biləcəyi istisna edilmir.

Monetar.az