Gümüş qiymətləri son illərin ən yüksək səviyyəsinə qalxaraq bazarların diqqətlə izlədiyi hədəf səviyyəyə çatıb. Qiymətli metal həftəni bir unsiya üçün 102,9 ABŞ dolları səviyyəsində başa vurub.
Ötən həftə qeydə alınan kəskin artımdan sonra gümüş bu həftə təxminən 15 faiz bahalaşıb. Analitiklər qiymət hərəkətlərinin sürətli və sərt olmasına baxmayaraq, yüksəlişin qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənlik fonunda fundamental amillərlə dəstəkləndiyini bildirirlər.
Ekspertlərin fikrincə, qızıl və gümüşdəki artım uzunmüddətli və möhkəm iqtisadi dinamikalara əsaslanır. Kitco News-ə danışan Tastylive.com-un fyuçers və Forex üzrə rəhbəri Kris Veççio bildirib ki, investorlar kağız pullardan asılı olmayan real aktivlərə daha çox üstünlük verməyə başlayıblar.
Onun sözlərinə görə, ABŞ dolları əvvəlki kimi təhlükəsiz liman rolunu tam şəkildə yerinə yetirmir. Bu səbəbdən həm institusional, həm də fərdi investorlar üçün gümüş hələ də nisbətən ucuz və cəlbedici qiymətli metal olaraq qalır.
Solomon Global şirkətinin baş direktoru Pol Uilyams isə gümüşdəki yüksəlişin güclü sənaye tələbi, fərdi investor marağının artması, təhlükəsiz liman axtarışı və struktur təklif çatışmazlığı ilə bağlı olduğunu bildirib.
O qeyd edib ki, qızılın bir çox investor üçün əlçatmaz hala gəlməsi gümüşü daha münasib alternativə çevirib. Uilyamsın fikrincə, 2026-cı ildə gümüşün qiyməti bir unsiya üçün 120 ABŞ dollarına çata bilər. Günəş enerjisi, elektrikli avtomobillər və süni intellekt sahələrində artan tələbat da qiymət artımını dəstəkləyir.
Bununla yanaşı, analitiklər gümüşdə sürətli bahalaşmanın yüksək dəyişkənlik riski yaratdığı barədə xəbərdarlıq edirlər. Bildirilir ki, qiymətlər bir gün ərzində 10 faizə qədər dəyişə bilər.
Ekspertlər qısamüddətli dövrdə mənfəət satışlarının gümüş üzərində təzyiq yarada biləcəyini vurğulayaraq investorları ehtiyatlı olmağa çağırırlar. Analitiklərin fikrincə, qiymətlərin 85–95 dollar səviyyəsindən yuxarı qalması yüksəliş trendinin davam etdiyini göstərəcək.
Monetar.az