Hörmüz böhranının aviasiya bazarına vurduğu zərbənin Azərbaycanda təsirləri

Hörmüz böhranının aviasiya bazarına vurduğu zərbənin

Dünya aviasiya bazarı Hörmüz boğazının bağlanması fonunda yaranan enerji şoku ilə mübarizə aparır. "Azeri Light" neftinin 130 dollara yaxınlaşdığı bir vaxtda aviabiletlərin qiymətində artım qaçılmaz görünür.

İranın Hörmüz boğazını bağlamasından sonra qlobal enerji bazarlarında yaranan gərginlik aviayanacağın qiymətini cəmi 10 gün ərzində iki dəfə artırıb. Skandinaviyanın SAS, Fransanın "Air France-KLM" və Hindistanın "Air India" kimi nəhəng şirkətləri artıq biletlərə əlavə "yanacaq rüsumları" (fuel surcharge) tətbiq etməyə başlayıblar. Norveç kimi ölkələrdə isə yanacaq çatışmazlığı və yüksək xərclər ucbatından yüzlərlə reys ləğv edilib.

Azərbaycan bazarı üçün risklər nədir?

Qlobal yanacaq artımı fonunda Azərbaycanın mülki aviasiya sektorunda da qiymət dəyişikliyi gözlənilir. Ölkəmiz neft ixracatçısı olsa da, beynəlxalq uçuşlarda yanacaq qiymətləri birbaşa dünya birjalarındakı kotirovkalara bağlıdır. Ekspertlərin fikrincə, bu vəziyyət yerli bazara bir neçə istiqamətdə təsir edə bilər:

  • Bilet qiymətlərində artım: Avropa və Asiya istiqamətində uçan xarici aviaşirkətlər artıq biletlərin üzərinə 50-90 dollar arası əlavə rüsumlar tətbiq edirlər. Bu, Bakıdan reallaşan beynəlxalq uçuşların da bahalaşacağı deməkdir.

  • Yanacaq rüsumları: Yerli daşıyıcıların da yaxın vaxtlarda bilet qiymətlərində "yanacaq tənzimləməsi" aparacağı istisna edilmir. Hazırda "Azeri Light" neftinin dünya bazarında 128 dolları ötməsi aviasiya kerosininin maya dəyərinə təsir edən əsas amildir.

  • Tranzit reyslərin azalması: Hürmüz boğazındakı gərginlik və İran hava məkanından istifadə ilə bağlı risklər bəzi beynəlxalq reyslərin marşrutunu dəyişməsinə və ya ləğvinə səbəb ola bilər.

Ekspert rəyi: "Artım olacaq, amma kəskin deyil"

İqtisadçı ekspertlər qeyd edirlər ki, Azərbaycanın daxili bazarında yanacaq təminatı stabil olsa da, aviaşirkətlərin xarici aeroportlarda yanacaq doldurma xərcləri kəskin artıb. Bu isə birbaşa sərnişinlərin cibinə təsir edəcək. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanda yanacaq hasilatının yerli olması bu artımın "şok" effekti verməyəcəyini, artımın daha mülayim və pilləli olacağını deməyə əsas verir.

Xatırladaq ki, artıq bir çox beynəlxalq hava yolları ekonom sinif biletlərinə minimum 50 dollar əlavə tətbiq edəcəyini rəsmən açıqlayıb. Yaxın həftələrdə Bakı Heydər Əliyev Beynəlxalq Aeroportundan uçan digər xarici daşıyıcıların da oxşar addımlar atacağı gözlənilir.

Hazırda bölgədəki hərbi-siyasi vəziyyətin gərginliyi fonunda bilet alacaq sərnişinlərə qiymət dəyişikliklərini öncədən izləmək tövsiyə olunur.

MONETAR.AZ