Hörmüz stres-testi: Avropa qaz bazarı çökmədi, lakin...

Hörmüz stres-testi: Avropa qaz bazarı çökmədi,

Qlobal LNG ticarətinin beşdə birini iflic edən Hörmüz boğazının blokadası Avropa enerji sistemi üçün ən ağır sınaqlardan birinə çevrilsə də, bazar tam çökmədi. ABŞ və İran arasında əldə olunan son sülh memorandumu ən pis ssenarinin geridə qaldığına işarə edir. Lakin "Reuters" üçün analitik mərkəzlərin (CSD və REKK) ekspertləri Martin Vladimirov və Borbala Totun hazırladığı şərhə görə, bu böhran yaxın onilliklərdə Avropa qaz bazarının strukturunu tamamilə dəyişəcək.

Böhran Avropanı kəskin infrastruktur tıxacları ilə sındırmasa da, qitənin enerji təhlükəsizliyində ciddi strateji boşluqları və asılılıq paradokslarını üzə çıxarıb.

Münaqişənin başladığı 28 fevral tarixdən etibarən qlobal LNG tədarükünün 20%-nin dayanması həm Avropa, həm də Asiya birjalarında qiymətləri sürətlə yuxarı çəkib. Avropada orta qaz qiymətləri böhran fonunda təxminən 10 avro/MVt·saat (yəni 31%) yüksəlib. Avropa İttifaqının 27 ölkəsində ümumi qaz xərcləri cari ildə 48% kəskin artım nümayiş etdirib.

Buna baxmayaraq, qitənin diversifikasiya imkanları (ABŞ-dan gələn rekord LNG həcmləri, Əlcəzair və Nigeriyadan boru xətti və dəniz yolu ilə daxil olan əlavə tədarüklər) "Hörmüz boşluğunu" qısa müddətdə doldurmağa kömək etdi. Regionlararası qiymət fərqləri (spread) sabit qaldı, bazar fraqmentasiyaya uğramadı.

Böhranın ən ziddiyyətli tərəfi Avropanın Moskvadan enerji asılılığını azaltmaq bəyanatlarına rəğmən reallıq bəyanatların tam əksini göstərdi. LSEG-in ilkin məlumatları göstərir ki, Hörmüz boğazındakı itkiləri kompensasiya etmək üçün Avropanın Rusiyadan LNG idxalı 2025-ci ilin yanvar–may ayları ilə müqayisədə bu il tam 17% artıb.

Ekspertlər daha ekstremal bir ssenarini simulyasiya ediblər: Hörmüz böhranı zamanı Rusiyadan gələn qazın tamamilə qadağan edilməsi (total ban). Təhlil göstərir ki, yeni regazifikasiya (regasification) və LNG terminalları infrastrukturu sayəsində Avropa bu şoku da minimal qiymət təzyiqi ilə adlada bilərdi.

ABŞ-İran anlaşması ilə qısamüddətli qiymət korreksiyası baş versə də, Avropada qazın baza qiyməti (TTF) qlobal geosiyasi risk mükafatı (risk premium) səbəbindən orta müddətdə yüksək qalacaq. Bu isə bərpa olunan enerji sektoruna (green tech) və qənaət texnologiyalarına kapital axınını sürətləndirən əsas amildir.

MONETAR.AZ