Narahatlıqların azalması bitcoini yenidən 65 min dollara yaxınlaşdırıb

Narahatlıqların azalması bitcoini yenidən 65 min dollara

Kriptovalyuta bazarında alış fəallığının güclənməsi fonunda bitcoin bugün son üç həftənin ən yüksək səviyyəsinə yüksəlib. ABŞ-da açıqlanan inflyasiya göstəricilərinin bazar gözləntilərindən aşağı gəlməsi investorların faiz dərəcələrinin artırılması ilə bağlı narahatlıqlarını zəiflədib və riskli aktivlərə marağı artırıb.

Bununla belə, ABŞ və İran arasında davam edən hərbi qarşıdurma bazarda ehtiyatlı əhval-ruhiyyənin qalmasına səbəb olur. Analitiklərin fikrincə, geosiyasi gərginlik investorların daha aqressiv mövqe tutmasına mane olur və kriptovalyutaların yüksəliş potensialını müəyyən qədər məhdudlaşdırır.

Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, bitkoin son 24 saat ərzində 3,7% bahalaşaraq 64 938,1 dollar səviyyəsində ticarət olunub. Gün ərzində kriptovalyuta qısa müddətə 65 055 dollar həddinə yüksələrək iyunun 22-dən bəri ən yüksək qiymətini qeydə alıb.

Bazar iştirakçıları hesab edirlər ki, ABŞ-da inflyasiya tempinin gözləniləndən zəif olması Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasətini daha yumşaq istiqamətdə davam etdirəcəyi ilə bağlı gözləntiləri gücləndirib. Bunun nəticəsində investorların riskli aktivlərə, o cümlədən kriptovalyutalara marağı yenidən artmağa başlayıb.

Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi vəziyyətin inkişafı yaxın günlərdə həm maliyyə bazarlarının, həm də rəqəmsal aktivlərin qiymət dinamikasına təsir göstərən əsas amillərdən biri olaraq qalır. Analitiklər bildirirlər ki, bölgədə gərginliyin azalacağı təqdirdə bitkoinin 65 min dollar səviyyəsindən yuxarı möhkəmlənmək imkanları arta bilər.

MONETAR.AZ