Çikaqo Əmtəə Birjasında (CBOT) qarğıdalı fyuçersləri çərşənbə günü kəskin ucuzlaşıb. Dolların möhkəmlənməsi və neft qiymətlərinin aşağı düşməsi fonunda baza dekabr müqaviləsi son 4,5 ayın minimum səviyyəsinə geriləyib.
Ticarət sessiyasının yekununda dekabr fyuçerslərinin qiyməti 11,25 sent və ya 2,52% azalaraq bir buşel üçün 4,35½ dollara düşüb. Gün ərzində kotirovkalar 4,34¼ dollara qədər geriləyib ki, bu da iyunun 30-dan bəri qeydə alınan ən aşağı göstəricidir.
Mart müqaviləsi də ucuzlaşmadan kənarda qalmayıb. Onun qiyməti 10,75 sent və ya 2,34% azalaraq bir buşel üçün 4,48½ dollar təşkil edib.
Bazara təzyiq göstərən əsas amillərdən biri ABŞ dollarının möhkəmlənməsidir. Gələn ay faiz dərəcələrinin artırılacağı ilə bağlı gözləntilər dolların mövqelərini gücləndirib. Bu isə qarğıdalı da daxil olmaqla, dollarla qiymətləndirilən taxıl və digər xammal məhsullarını beynəlxalq alıcılar üçün daha bahalı edir və onların rəqabət qabiliyyətini zəiflədir.
Neft qiymətlərinin təxminən 1% azalması da qarğıdalı bazarında satış təzyiqini artırıb. Çünki qarğıdalı etanol yanacağının istehsalında əsas xammallardan biri kimi istifadə olunur və neft bazarındakı ucuzlaşma bu məhsula olan tələbat gözləntilərinə təsir göstərə bilər.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, noyabrın 13-də başa çatan həftədə qarğıdalıdan etanol istehsalı gündəlik 1,126 milyon barel təşkil edib. Bu, əvvəlki həftənin göstəricisindən sutkada 4 min barel azdır.
MONETAR.AZ