Qlobal qaz bazarı ciddi dönüş nöqtəsi yaşayır. Qətərdə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsal kompleksinə edilən raket hücumundan sonra, dünya üzrə alıcılar və idxalçılar panika içində uzunmüddətli tədarük zəmanətləri üçün ABŞ istehsalçılarına üz tutublar. Bu barədə Bloomberg məlumat yayıb.
Yanacağa ehtiyacı olan şirkətlər artıq birbaşa ABŞ istehsalçıları ilə əlaqə qurmağa başlayıblar. Söhbət həm mövcud zavodlardan, həm də hələ tikinti mərhələsində olan layihələrdən həcmlərin əvvəlcədən rezerv edilməsindən gedir. Mənbələrin sözlərinə görə, bu danışıqlar hələ ilkin mərhələdədir, çünki çoxillik SPQ müqavilələrinin razılaşdırılması adətən uzun vaxt tələb edir.
ABŞ artıq dünyanın ən böyük LNG ixracatçısıdır və bu sahədə genişlənməyi planlaşdırır. Bir sıra yeni mayeləşdirmə zavodları layihələndirmə və tikinti mərhələsindədir. Bu xəbərlər fonunda bir neçə Amerika LNG istehsalçısının səhmləri də əhəmiyyətli dərəcədə bahalaşıb.
Maraqlı məqam isə bazarlardakı uyğunsuzluqdur. İranla bağlı müharibə və Qətərdəki zavodun dayanması Avropa və Asiyada qaz qiymətlərinin kəskin artmasına səbəb olub. Lakin ABŞ daxilində qiymətlər cüzi yüksəlib, çünki mövcud LNG terminalları artıq maksimum gücdə işləyir və daxili şist qazı istehsalı hələ də yüksəkdir. Yəni ABŞ fiziki olaraq hazırkı vəziyyətdə ixracı dərhal artırmaq imkanına malik deyil.
Alıcıların ABŞ-a yönəlməsinin əsas səbəbi Qətərdən gələn xəbərlər olub. İranın raket zərbələri Ras Laffan Industrial City kompleksinə ciddi ziyan vurub. Bu obyekt dünyanın ən böyük LNG istehsal mərkəzi hesab olunur. Onun tam bərpası və təmirinin 5 ilə qədər davam edə biləcəyi bildirilir.
Gözlənilən maliyyə itkiləri ildə təxminən 20 milyard dollar həcmində qiymətləndirilir. Bu isə qlobal bazar üçün o deməkdir ki, böyük həcmdə təklif uzun illər ərzində bazardan çıxarılacaq və bu boşluğu orta müddətdə doldura biləcək əsas alternativ ABŞ-da yeni layihələr olacaq.
MONETAR.AZ