Qızıl bazarında gözlənilməz dəyişiklik – qiymətlər niyə düşür?

Qızıl bazarında gözlənilməz dəyişiklik –

Qızılın qiyməti sentyabrın 28-də 3 faizdən çox ucuzlaşaraq bir unsiya üçün 4200 dollardan aşağı düşüb. Qiymət gün ərzində 4400 dollardan 4150 dollara qədər geriləyib.

Monetar.az xəbər verir ki,  qızılın ucuzlaşmasına ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, neft qiymətlərinin artması və ABŞ-İran qarşıdurması fonunda inflyasiya ilə bağlı gözləntilərin yüksəlməsi təsir edib.

Beləliklə, qızılın qiyməti avqustun 5-dən sonra ilk dəfə 4200 dollardan aşağı düşüb. Sentyabrın 29-da isə metalın qiymətində təxminən 0,6 faizlik artım qeydə alınıb.

Analitiklərin fikrincə, faiz dərəcələrinin yüksəlməsi faiz gəliri gətirməyən qızılı investorlar üçün daha az cəlbedici edir. Eyni zamanda, enerji qiymətlərinin artması inflyasiyanın yüksək qalacağı və ABŞ Federal Ehtiyat Sisteminin daha sərt pul siyasəti yürüdə biləcəyi ilə bağlı gözləntiləri gücləndirir.

Bununla belə, qızıl uzunmüddətli perspektivdə investorların diqqətində qalır. Mərkəzi bankların qızıl ehtiyatlarını artırması, investisiya fondlarının tələbi və geosiyasi risklər qiyməti dəstəkləyən əsas amillər sırasında göstərilir.

Mütəxəssislərin bildirdiyinə görə, 2025-ci ildə qızıl üzrə investisiya tələbinin ümumi tələbdəki payı 50 faizdən çox olub. Bu göstəriciyə mərkəzi bankların, investisiya fondlarının və fərdi investorların alışları daxildir.

Çin də qızıl bazarında əsas alıcılardan biri olaraq qalır. Analitiklər ölkənin valyuta ehtiyatlarında ABŞ dövlət istiqrazlarının payının azalması fonunda qızılın payının artdığını bildirirlər.

Qızılın gələcək qiyməti ilə bağlı proqnozlar da yüksək olaraq qalır. “JP Morgan” və UBS 2027-ci ilin sonuna qədər qiymətin 5400 dollara, “Goldman Sachs” 5400-5600 dollara, “Deutsche Bank” isə 5150 dollara yüksələ biləcəyini proqnozlaşdırır.

Bəzi ekspertlər daha yüksək qiymətlərin də mümkün olduğunu düşünür. Aton şirkətinin analitiki Andrey Lobazov qızılın il ərzində 6000 dollara qədər bahalaşa biləcəyini bildirib. Onun sözlərinə görə, qiymətlərin istiqamətində əsas amillərdən biri qlobal geosiyasi vəziyyət olacaq.

Eyni zamanda, analitiklər qızılın yüksək qiymətlər fonunda kəskin dalğalanmalar göstərə biləcəyini vurğulayırlar. Buna görə metalın uzunmüddətli investisiya və diversifikasiya aləti kimi qiymətləndirildiyi qeyd olunur.