16 ildə nələr dəyişdi? -iqtisadi artım və səhm bazarı arasında uçurum

16 ildə nələr dəyişdi? -iqtisadi artım

2010-2026-cı illərdə ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və Çində iqtisadi artımla səhm bazarlarının yüksəlişi arasında ciddi fərq yaranıb. Ən böyük artım ABŞ-ın səhm bazarında qeydə alınıb.

Monetar.az xəbər verir ki, təqdim olunan məlumatlara əsasən, 2010-2026-cı illərdə ABŞ iqtisadiyyatının ümumi daxili məhsulu 45 faiz, əhalisi 11 faiz, real əməkhaqları isə 17 faiz artıb. Eyni dövrdə ölkənin səhm bazarında artım 689 faiz təşkil edib.

Çində isə real iqtisadi artım daha yüksək olub. Ölkənin ÜDM-i 16 il ərzində 163 faiz, real əməkhaqları 125 faiz, əhalisi isə 5 faiz artıb. Buna baxmayaraq, Çin səhm bazarının artımı 55 faizlə məhdudlaşıb.

Avropa İttifaqında ÜDM 27 faiz, əhali 3 faiz, real əməkhaqları 8 faiz artıb. Regionun səhm bazarında isə artım 240 faiz olub.

Böyük Britaniyada ÜDM 24 faiz, əhali 8 faiz, real əməkhaqları 4 faiz artdığı halda, səhm bazarı 184 faiz yüksəlib.

Yaponiyada isə ÜDM 13 faiz, real əməkhaqları 5 faiz artıb, əhali 4 faiz azalıb. Buna baxmayaraq, ölkənin səhm bazarında 214 faizlik artım qeydə alınıb.

Göstəricilər səhm bazarlarının dinamikasının yalnız iqtisadi artımla müəyyənləşmədiyini göstərir. Şirkətlərin mənfəəti, qiymətləndirmələr, faiz dərəcələri, likvidlik, investor axınları, valyuta məzənnələri və texnologiya sektorundakı inkişaflar səhm qiymətlərinə ciddi təsir göstərə bilər.

Xüsusilə ABŞ-da texnologiya şirkətlərinin və iri qlobal korporasiyaların səhm bazarındakı yüksək çəkisi son illərdə indekslərin artımına mühüm təsir göstərən amillərdən biri olub.