Vergi borclarına görə 1,4 milyon manatlıq əmlak satışa çıxarılır 

Vergi borclarına görə 1,4 milyon manatlıq

Vergi ödəyicilərinin siyahıya alınmış ümumi ilkin satış qiyməti 1 milyon 438,5 min manat olan 14 əmlakı hərraca çıxarılır. Siyahıda 512 min manat dəyərində torpaq sahəsi, 174 min manatdan baha iaşə obyekti və digər qeyri-yaşayış sahələri yer alır.

Monetar.az xəbər verir ki, hərrac bu gün saat 10:00-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərraca çıxarılan əmlaklar arasında ən yüksək ilkin qiymət Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 6,4 hektar torpaq sahəsinə müəyyən edilib. “CLUB BELLO MONTE” MMC-yə məxsus bu əmlak 512 min manata satışa çıxarılır. İştirak üçün tələb olunan beh məbləği 25,6 min manatdır.

Salyan şəhərində Bakı-Astara magistralının 125-ci kilometrliyində yerləşən 335,4 kvadratmetrlik iaşə obyektinin ilkin satış qiyməti 174,408 min manatdır. Bu əmlak üzrə beh 8 720,4 manat təşkil edir.

Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 72,6 kvadratmetrlik qeyri-yaşayış binası isə 174,24 min manata hərraca çıxarılır. Bu əmlak üçün beh məbləği 8 712 manatdır.

Bakı şəhəri, Binəqədi rayonunda Əcəmi Naxçıvani küçəsində yerləşən 0,02376 hektar torpaq sahəsinin ilkin qiyməti 95,08 min manat müəyyən edilib. İştirak üçün 4 754 manat beh tələb olunur.

Siyahıda Qusar rayonunun Bədirqala kəndində 0,12 hektar torpaq sahəsi 48 min manata, Kürdəmir şəhərində 0,2156 hektar torpaq sahəsi 46,57 min manata, İmişli şəhərində 510,4 kvadratmetrlik qeyri-yaşayış binası isə 44 min manata təklif olunur.

Digər əmlakların ilkin satış qiymətləri 1,6 min manatdan 42,4 min manatadək dəyişir.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında, Əmlak Xidmətləri Məkanının 2-ci mərtəbəsində keçiriləcək.