Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 107 ili tamam olur

Azərbaycanda mərkəzi bankçılığın yaranmasının

Bu gün Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 107-ci ildönümüdür. Ölkədə müstəqil mərkəzi bankçılığın əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub.

Monetar.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının yaradılması ilə bağlı layihə qəbul edib.

Həmin il sentyabrın 18-də Azərbaycan Dövlət Bankının nizamnaməsi təsdiqlənib, sentyabrın 30-da isə bankın rəsmi açılışı keçirilib.

Azərbaycan Dövlət Bankı fəaliyyətinin ilk dövründə milli pul nişanlarının dövriyyəyə buraxılmasını da həyata keçirib. 10, 25, 50, 100, 250 və 500 nominallı ilk milli kağız manatlar tədavülə buraxılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Dövlət Bankı Xalq Bankına çevrilib. Daha sonra sovet dövründə mərkəzi bankçılıq funksiyaları SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi tərəfindən həyata keçirilib.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra ölkədə müasir mərkəzi bankçılığın yeni mərhələsi başlayıb. 1991-ci il mayın 25-də qəbul edilən Konstitusiya Qanununda müstəqil bank sisteminin və milli pul vahidinin hüquqi əsasları müəyyənləşdirilib.

1992-ci il fevralın 11-də Azərbaycan Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılıb. 1992-ci ildə manat dövriyyəyə buraxılıb.

Mərkəzi bankçılığın müasir inkişafında növbəti mərhələ makroiqtisadi sabitliyin təmin edilməsi ilə bağlı olub. Sonrakı illərdə pul-kredit siyasətinin təkmilləşdirilməsi, manatın sabitliyinin qorunması və maliyyə sisteminin inkişafı istiqamətində islahatlar həyata keçirilib.

Hazırda Azərbaycan Mərkəzi Bankı maliyyə sabitliyinin qorunması, bank və sığorta sektorlarının, kapital bazarlarının və ödəniş sistemlərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Mərkəzi Bankın gündəliyində maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi, maliyyə xidmətlərinə əlçatanlığın artırılması, innovativ texnologiyaların tətbiqi və mümkün iqtisadi şoklara qarşı dayanıqlığın yüksəldilməsi əsas istiqamətlərdəndir.

107 illik inkişaf tarixi ərzində Azərbaycanda mərkəzi bankçılıq müxtəlif siyasi və iqtisadi mərhələlərdən keçərək müasir maliyyə sisteminin əsas institutlarından birinə çevrilib.