OpenAI biznes komandalarının süni intellektlə birgə işləməsinə imkan verən yeni ChatGPT Space platformasını təqdim edib. Yeni xidmət Microsoft-un ofis proqramlarına bənzər funksiyaları bir platformada birləşdirir.
Monetar.az xəbər verir ki, OpenAI yeni məhsulu DevDay 2026 tədbirində təqdim edib.
ChatGPT Space istifadəçilərə komanda üzvlərini ortaq iş sahəsinə dəvət etməyə, sənədlər və layihələr üzərində birlikdə işləməyə imkan verir. İstifadəçilər əvvəlki işlərdən yararlanaraq yeni layihələri davam etdirə bilirlər.
Platformada ChatGPT vasitəsilə söhbətləri səhifələrə və təqdimatlara çevirmək mümkündür. Süni intellekt əvvəlcə layihənin məqsədini dəqiqləşdirir, daha sonra istifadəçinin redaktə edə biləcəyi ilkin versiya hazırlayır.
OpenAI təqdimat hazırlamaq üçün də yeni əməkdaşlıq funksiyası təqdim edib. Bu imkan Microsoft PowerPoint-ə alternativ kimi nəzərdə tutulub. Hazırlanan təqdimatlar üzərində bir neçə əməkdaş və süni intellekt agenti eyni vaxtda işləyə, şərhlər əlavə edə və dəyişikliklər edə bilir.
Şirkətin baş direktoru Sem Altman bildirib ki, Space daxilində səhifələr və fayllar bulud yaddaşına bənzər şəkildə bir yerdə saxlanılır, lakin bu mühit canlı və qarşılıqlı fəaliyyətə imkan verən iş sahəsi kimi fəaliyyət göstərir.