“Azərkosmos” peyk təsvirlərinin analizi üçün süni intellekt əsaslı “Platerra” məhsulunu artıq istifadəyə verib.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, “Platerra” peyk təsvirlərini süni intellekt vasitəsilə avtomatik emal edərək onları qərarvermədə istifadə oluna bilən geoməkan məlumatlarına çevirir. Platforma süni intellekt əsaslı aşağıdakı həlləri özündə birləşdirir:
- peyk təsvirlərinin görüntü keyfiyyətinin artırılması;
- meşə ərazilərinin aşkarlanması;
- su hövzələrinin səthinin müəyyənləşdirilməsi,
- müxtəlif obyektlərin aşkarlanması;
- əkin sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi.
Qlobal miqyasda geoməkan süni intellekt (GeoAI) həllərinə tələbat sürətlə artır. Bazar araşdırmasına əsasən, geniş “GeoAI” bazarının 2025-ci ildə həcmi müxtəlif yanaşmalara görə 38-60 milyard ABŞ dolları arasında qiymətləndirilir və bazarın 2035-ci ilədək illik 12-26 faiz artım tempi ilə böyüməsi proqnozlaşdırılır. Xüsusilə peyk təsvirlərinin süni intellekt vasitəsilə təhlili bu bazarın yüksək artım potensialına malik istiqamətlərindən biri kimi qeyd olunur.
“Platerra”nın istifadəyə verilməsi “Azərkosmos”un qabaqcıl texnologiyaların tətbiqi və kosmik məlumatların innovativ həllərə çevrilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm nəticələrindən biridir. Platformanın inkişafı peyk məlumatlarının emalı imkanlarının genişləndirilməsi, onların müxtəlif tətbiq sahələrində istifadəsinin asanlaşdırılması və geoməkan məlumatlarının daha operativ şəkildə əldə olunmasına töhfə vermək məqsədi daşıyır.
Qlobal bazarda bu istiqamətdə ixtisaslaşmış platformaların sayının hələ də məhdud olması və tələbin artmağa davam etməsi süni intellekt əsaslı peyk təsviri analiz həlləri üçün inkişaf imkanlarının mövcud olduğunu göstərir. Araşdırmaya görə, istifadəçinin peyk təsvirləri üzərində süni intellekt analitikası aparmasına imkan verən bu tip platformalar üzrə qlobal bazarda 10-dan az əsas təchizatçı mövcuddur.
Bu baxımdan “Platerra” peyk məlumatlarının emal imkanlarını genişləndirərək, onların müxtəlif sahələrdə daha səmərəli istifadəsinə şərait yaradır. Platformanın istifadəyə verilməsi kosmik məlumatların süni intellekt texnologiyaları ilə inteqrasiyasını gücləndirərək, peyk təsvirlərinin daha əlçatan və praktiki qərarvermə alətinə çevrilməsinə xidmət edir.