Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “The Saudi Food Show 2026” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendi nümayiş etdirilir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, stenddə Azərbaycanın 20 şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları — qənnadı və un məmulatları, konservləşdirilmiş qidalar, təzə və qurudulmuş meyvələr, çərəzlər, bal, alkoqolsuz içkilər və mineral sular təqdim olunur.
Bununla yanaşı, sərgidə xarici investorlar və iştirakçılar üçün ölkəmizdəki əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırıcı materiallar da təqdim edilir.