2026-cı ilin üçüncü rübündə dünya üzrə smartfon tədarükü son 13 ilin ən aşağı səviyyəsinə enib. “Omdia” analitik şirkətinin hesabatına əsasən, iyul-sentyabr aylarında istehsalçılar qlobal bazara 254,7 milyon cihaz çatdırıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% azdır.
Hesabatda bildirilir ki, üçüncü rüb üzrə belə aşağı göstərici sonuncu dəfə 2013-cü ildə qeydə alınıb.
Analitiklər bazardakı geriləməni əsasən cihazların qiymətlərinin artması ilə əlaqələndirirlər. Bahalaşma xüsusilə inkişaf etməkdə olan ölkələrin bazarlarına daha ciddi təsir göstərib.
Bundan başqa, distribyutorlar və pərakəndə satış şəbəkələri qarşıdan gələn bayram mövsümü öncəsi ehtiyatların artırılmasında daha ehtiyatlı davranırlar. Smartfonların bahalaşması mağazaların yeni məhsul partiyalarının alınmasına çəkdiyi xərcləri artırdığı üçün sifariş həcmləri də məhdudlaşır.
Şirkətlərin üçüncü rüb üzrə göstəricilərinə görə, “Samsung” 57,8 milyon smartfon tədarük etməklə qlobal bazarda birinci yerdə qərarlaşıb. Cənubi Koreya istehsalçısının göstəricisi illik müqayisədə 5% azalıb.
İkinci pillədə 56,5 milyon iPhone tədarük edən “Apple” yer alıb. İlk üçlüyü isə tədarük həcmi 29% azalaraq 30,7 milyon ədədə düşən “Xiaomi” tamamlayıb.
“Omdia” ekspertləri 2026-cı ilin yekununda qlobal smartfon tədarükünün 12% azalacağını proqnozlaşdırırlar. Analitiklərin fikrincə, geriləmə 2027-ci ildə də davam edə bilər, lakin azalma tempi daha mülayim olacaq.
Şirkət mütəxəssisləri daha əvvəl yaddaş çiplərinin qlobal qıtlığının gələn il bir sıra elektron cihazların qiymətlərinin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Proqnozlara əsasən, yaddaş komponentlərinin çatışmazlığı ilə yanaşı, akkumulyatorların maya dəyərinin yüksəlməsi də elektron qadcetlərin bahalaşmasına təsir göstərəcək.
Beləliklə, smartfon bazarındakı geriləmə yalnız istehlakçı tələbinin zəifləməsi ilə deyil, istehsal və təchizat xərclərinin artması ilə də əlaqələndirilir. Bu amillərin 2027-ci ildə bazarın bərpasını çətinləşdirə biləcəyi gözlənilir.
MONETAR.AZ