Trampın İrana yeni zərbələr endirə biləcəyi xəbəri neft qiymətlərini artırıb

Trampın İrana yeni zərbələr endirə biləcəyi xəbəri

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq ehtimalını nəzərdən keçirməsi barədə məlumatlar qlobal neft bazarında qiymət artımına səbəb olub. Yaxın Şərqdən enerji tədarükünün yenidən pozula biləcəyi ilə bağlı narahatlıqlar fonunda həm Brent, həm də WTI markalı neft bahalaşıb.

Bakı vaxtı ilə saat 06:03-ə olan məlumata görə, Brent markalı neftin fyuçersləri 0,8% artaraq bir barel üçün 92,69 dollara, ABŞ-ın WTI markalı neftinin fyuçersləri isə 0,4% bahalaşaraq 83,60 dollara çatıb.

Qiymət artımına təkan verən əsas xəbər “The New York Times” qəzetinin yaydığı məlumat olub. Nəşrin yazdığına görə, Tramp İsrailin təzyiqləri fonunda İrana qarşı yeni və genişmiqyaslı hərbi zərbələr endirilməsi variantını nəzərdən keçirir.

ABŞ Prezidenti hələlik yekun qərar verməyib. Məlumatlara əsasən, Vaşinqton İsrailin İranın pilotsuz uçuş aparatları və raket arsenalını bərpa etməsi, eləcə də kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirməsi ilə bağlı xəbərdarlıqlarını qiymətləndirir. İsrailin Baş naziri Binyamin Netanyahu isə ABŞ-ı Tehrana qarşı dörd-yeddi günlük hərbi kampaniyada iştirak etməyə çağırır.

ABŞ və İran arasında Hörmüz boğazı ətrafında qarşıdurma da davam edir. Tehran regionda tankerlərə hücumlarını davam etdirir, Vaşinqton isə İrana qarşı hərbi-dəniz blokadasını saxlayır. İranın ABŞ hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrindəki hədəflərə hücumları da enerji bazarları üçün riskləri artırır.

Analitiklərin diqqətini çəkən əsas məqam mümkün eskalasiyanın dəniz daşımalarına və regionun enerji infrastrukturuna təsiridir. Yeni hücumlar neft tədarükünün təhlükəsizliyini poza və bazarda əlavə qiymət artımına səbəb ola bilər.

Bununla belə, bazarda qiymətlərin yüksəlməsini məhdudlaşdıran amillər də mövcuddur. Son məlumatlar oktyabr ayında Yaxın Şərqdə neft hasilatının yaxşılaşdığını və müharibədən əvvəlki səviyyələrə tədricən yaxınlaşdığını göstərib.

Beynəlxalq Enerji Agentliyi (BEA) isə ötən həftə 2026-cı ilin dördüncü rübündən etibarən qlobal neft bazarında təklif artıqlığının yarana biləcəyi barədə xəbərdarlıq edib. Agentliyin proqnozuna görə, Yaxın Şərqdə hasilatın bərpası və qlobal yanacaq tələbatının zəif qalması nəticəsində 2026-cı ilin son rübündə və 2027-ci ildə təklif tələbi üstələyə bilər. Bu xəbərdarlıq əvvəlki günlərdə neft qiymətlərinə ciddi təzyiq göstərmişdi.

ABŞ-dan gələn ehtiyat məlumatları da bazarda mənfi əhval-ruhiyyəni gücləndirib. Dünən açıqlanan göstəricilərə əsasən, ölkənin neft ehtiyatları ardıcıl ikinci həftə artıb. Bu vəziyyət, xüsusilə qış mövsümü ərəfəsində yanacağa tələbatın zəifləyə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Digər tərəfdən, dolların möhkəmlənməsi də neft və digər xammal məhsullarının bahalaşmasını məhdudlaşdıran amildir. FED-in dekabrda faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi fonunda dollar bu həftə son 19 ayın ən yüksək səviyyəsinə yüksəlib.

MONETAR.AZ