Ucuz smartfonların bazardan demək olar ki, yox olacağı proqnozlaşdırılır

Ucuz smartfonların bazardan demək olar ki,

Komponentlərin qiymətlərinin rekord həddə yüksəlməsi fonunda büdcə seqmentinə aid smartfonlar bazardan demək olar ki, tamamilə sıxışdırıla bilər. Bu barədə “Android Police” nəşri “Omdia” analitik agentliyinə istinadən məlumat yayıb.

Analitiklərin qiymətləndirməsinə görə, qiyməti 400 ABŞ dollarından aşağı olan smartfonlar seqmenti 22% kiçiləcək. Bunun əsas səbəbi operativ yaddaşın (RAM) kəskin bahalaşmasıdır. Hesabata əsasən, hazırda operativ yaddaşın dəyəri smartfonun ümumi istehsal xərclərinin 59–64%-ni təşkil edir. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin üçüncü rübündə bu göstərici 31–33% səviyyəsində idi.

Mütəxəssislər bildirirlər ki, daha bahalı flaqman smartfonlarda operativ və daxili yaddaşın ümumi maya dəyərindəki payı xeyli aşağıdır. Bu səbəbdən istehsalçılar həmin seqmentdə artan xərcləri qiymət siyasəti hesabına daha asan kompensasiya edə bilirlər. Nəticədə, “Android Police” ucuz smartfonlar bazarının ciddi risklərlə üzləşdiyini qeyd edir.

“Omdia”nın proqnozuna görə, bəzi büdcə smartfon istehsalçıları bazarı tərk etmək məcburiyyətində qala bilərlər. Digər şirkətlər isə xərcləri azaltmaq məqsədilə daha sadə texniki göstəricilərə malik modellər təqdim edəcəklər. Belə cihazlarda əvvəlki nəsil prosessorlardan, daha zəif yaddaş modullarından, kameralar və digər komponentlərdən istifadə olunacağı gözlənilir.

İyulun əvvəlində “CNET” nəşri də istifadəçilərə xəbərdarlıq edərək bildirib ki, smartfonlarda rəsmi IP mühafizə reytinqinin olması onların suya batırılması üçün nəzərdə tutulduğu anlamına gəlmir. Nəşrin məlumatına görə, suyun daxil olması nəticəsində yaranan nasazlıqlar əksər hallarda istehsalçının zəmanəti çərçivəsində qarşılanmır.

MONETAR.AZ