Azərbaycan kiçik və orta biznes subyektləri (KOB) fəaliyyətlərinin inkişaf etdirilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədilə rəqəmsal texnologiyalara daha çox üstünlük verirlər.
“Mastercard”ın KOB-ların Etimad İndeksinin (Mastercard SME Confidence Index) nəticələrinə əsasən, Azərbaycandakı KOB-ların 84 faizi rəqəmsal və onlayn ödənişləri biznesin böyüməsi üçün vacib amil hesab edir.
Araşdırmaya görə, sahibkarların 53 faizi maliyyə xidmətlərinə və kreditlərə çıxış imkanlarının sadələşdirilməsini biznes inkişafı üçün ən yüksək potensiala malik istiqamətlərdən biri kimi qiymətləndirir.
Həmçinin KOB-ların 54 faizi artıq rəqəmsal ödənişlərin tətbiqi və əməliyyatların modernləşdirilməsi istiqamətində addımlar atır.
Araşdırmanın nəticələri göstərir ki, Azərbaycan KOB-ları daha müasir və müştəriyönümlü biznes modellərinə keçid prosesini sürətləndirirlər. Sahibkarların 45 faizi maliyyəyə çıxışla yanaşı, rahat və sadə ödəniş üsullarının inkişafını əsas amillər sırasında göstərib.
Respondentlərin təxminən eyni hissəsi əməkdaşların təlimi və peşəkar bacarıqlarının artırılmasının biznesin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Mövcud iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan KOB-larında gələcəyə inamın qorunduğu da araşdırmada öz əksini tapıb. Belə ki, respondentlərin 51 faizi hazırkı iqtisadi vəziyyəti əlverişli qiymətləndirib, 50 faizi isə növbəti bir il üçün biznes perspektivlərinə müsbət yanaşıb.
MONETAR.AZ