Beynəlxalq konsaltinq şirkəti Henley & Partners dollar milyoneri olan şəxslərin miqrasiya tendensiyalarını ehtiva edən və böyük maraqla gözlənilən "Henley Private Wealth Migration Report 2026" hesabatını rəsmən açıqlayıb. Hesabata görə, qlobal kapitalın coğrafiyasında ciddi qütbləşmə yaranıb. Böyük Britaniyanın ardınca Avropa nəhəngləri – Fransa və Almaniya da varlı vətəndaşlarını itirməyə başlayıb. Zənginlərin əsas hədəfi isə Sinqapur, İtaliya, İsveçrə və Yeni Zelandiyadır.
Ötən il (2025) Böyük Britaniya öz tarixinin ən böyük milyoner köçü ilə üzləşərək xalis 16,5 min varlı rezidentini itirib. Bu rəqəm, anti-reytinqdə ikinci yerdə qərarlaşan Çinin göstəricisini iki dəfə üstələyib. 2026-cı ildə də vəziyyət sabitləşməyib.
Analitiklər zənginlərin Londonu tərk etməsini bu struktur səbəblərlə izah edirlər:
-
"Non-dom" (ölkə xaricindəki gəlirlərin vergidən azad edilməsi) xüsusi vergi rejiminin ləğvi,
-
Kapital artımı və miras vergilərinin kəskin yüksəldilməsi,
-
"Tier 1 Investor" (investor vizası) proqramının bağlanması və ümumi fiskal qeyri-müəyyənlik.
Henley & Partners-in İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Duqlas MakUilyams vəziyyəti belə şərh edib: “Zənginlərin miqrasiyası iqtisadi siyasət üçün kömür şaxtasındakı kanareyka kimidir (təhlükə siqnalı). Əgər varlı insanlar ölkəni kütləvi şəkildə tərk edirlərsə, deməli, həmin ölkənin iqtisadi modeli artıq işləmir.”
2026-cı ilin hesabatında Fransa və Almaniya rəsmən "Təzyiq altında olan rəqabətədavamlı yurisdiksiyalar" kateqoriyasına salınıb. Hər iki ölkədə vergi siyasətinin proqnozlaşdırıla bilməməsi milyonerləri çamadanlarını toplamağa məcbur edir.
2025-ci ildə Fransadan xalis milyonçu axını 800 nəfər, Almaniyadan isə 400 nəfər təşkil edib. 2026-cı ildə hər iki ölkə rəsmi olaraq “təzyiq altında olan rəqabətqabiliyyətli yurisdiksiyalar” kateqoriyasına daxil edilib. Onların indeks göstəriciləri müvafiq olaraq 65,7 və 69,7 bal olub.
2026-cı ilin ilk rübündə Almaniya vətəndaşlarından daxil olan müraciətlərin sayı 2025-ci ilin dördüncü rübü ilə müqayisədə 16 faiz artıb. Fransa isə cəmi bir il ərzində Henley & Partners-in müraciət mənbələri siyahısında ilk 40-lıqdan ilk 15-liyə yüksəlib.
Hesabatın ən maraqlı məqamlarından biri investorların tək bir ölkə seçməkdən imtina edərək, riskləri sığortalamaq üçün "Suveren Portfel" (Sovereign Portfolio) – yəni eyni anda bir neçə ölkədə rezidentlik və vətəndaşlıq statusu toplamaq strategiyasına keçməsidir:
-
Yeni Zelandiya (İndeks: 75,8): "Active Investor Plus" viza proqramında edilən uğurlu islahatlar, geopolitik uzaqlıq və qanunun aliliyi sayəsində milyonerlərin ikinci ən sevimli hədəfinə çevrilib.
-
BƏƏ (İndeks: 85,3): Vergisiz mühit və təhlükəsizlik sayəsində 2025-ci ildə rekord sayda (+9 800) milyoner qəbul edərək indeksin mütləq lideri olub. Lakin 2026-cı ildə Yaxın Şərqdə davam edən hərbi münaqişələr fonunda BƏƏ-dəki ekspat-investorların alternativ (Avropa və Asiya) rezidentlik axtarışları 41% artıb.
-
ABŞ Paradoksu: ABŞ dünyada ən çox özəl kapital yaradan ölkə olsa da, vətəndaşlığa əsaslanan mürəkkəb vergi sistemi (citizenship-based taxation) səbəbindən amerikalı varlıların 93%-i ölkə daxilindən Avropa və Karib hövzəsi proqramlarına müraciət edir.
MONETAR.AZ