Qlobal aviasiyanın mərkəzi sayılan Dubay, dünyanın ən böyük hava nəqliyyatı qovşağı olmaq hədəfinə doğru növbəti tarixi addımını atır. Əmirliyin rəsmi dairələrindən verilən məlumata görə, yaxın aylarda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Əl-Məktum Beynəlxalq Hava Limanının (DWC) genişləndirilməsi üzrə strateji layihələrin icrası üçün ümumi dəyəri 55 milyard dirhəmdən (təxminən 14,98 milyard ABŞ dolları) çox olan irihəcmli müqavilələr imzalanacaq.
Bu barədə məlumatı Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Raşid Əl-Məktum özünün rəsmi "X" sosial şəbəkə hesabında paylaşıb.
Bu nəhəng maliyyə ayrılması Dubayın mövcud logistik gücünü ikiqat artırmağa yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının tərkib hissəsidir. Əl-Məktum Hava Limanı tam gücü ilə fəaliyyətə başladıqdan sonra təkcə sərnişin daşımalarında deyil, həm də qlobal hava karqo (yük) daşımalarında Dubay Beynəlxalq Hava Limanını (DXB) üstələyərək regionun və dünyanın əsas tranzit qapısına çevriləcək.
Analitiklər bildirirlər ki, 15 milyard dollarlıq bu investisiya dalğası Yaxın Şərqdə turizm, logistika və tikinti sektorlarına yeni nəfəs verəcək, eyni zamanda qonşu körfəz ölkələrinin analoji aviasiya layihələri ilə rəqabətdə Dubayın liderliyini qoruyub saxlamasını təmin edəcək.
MONETAR.AZ