Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracının təşviqi və kiçik və orta sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə yeni dəstək mexanizmi yaradılır.
Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, qeyri-neft-qaz məhsulları ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi ilə bağlı ödənişlərə görə dövlət büdcəsi hesabına kompensasiya veriləcək.
Yeni mexanizm yerli istehsalçıların ixrac zamanı üzləşdiyi inzibati və maliyyə yükünün azaldılmasına, Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
Fərmana əsasən, dəstək yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinə şamil olunacaq. Kompensasiya Azərbaycanda istehsal edilmiş və mənşə sertifikatı ilə təsdiqlənən qeyri-neft-qaz məhsullarının ixracına görə təqdim ediləcək.
Məlumata görə, sahibkarlar ixrac əməliyyatlarını həyata keçirdikdən sonra rüblük əsasda İqtisadiyyat Nazirliyinə müraciət edərək müvafiq kompensasiyanı əldə edə biləcəklər.
Yeni qaydalara əsasən, kompensasiya mexanizmi üzrə mal növləri və ixrac istiqamətləri nəzərə alınacaq. Dəstəyin həcmi məhsulun xüsusiyyətindən və ixrac edilən ölkədən asılı olaraq müəyyənləşdiriləcək.
Eyni zamanda, süni qiymət artımlarının qarşısını almaq məqsədilə proqramın tətbiqi dövründə qeyri-neft-qaz mallarının gömrük nəzarəti, müşayiəti və saxlanılması ilə bağlı yığımların artırılmasına yol verilməyəcək.
Qeyd olunub ki, yeni mexanizmin tətbiqi 2026-cı il sentyabrın 1-dən başlayacaq və 2031-ci il sentyabrın 30-dək həyata keçirilən ixrac əməliyyatlarını əhatə edəcək.
Ekspertlərin fikrincə, gömrük xərclərinin kompensasiya olunması xüsusilə kiçik həcmli ixrac həyata keçirən sahibkarlar üçün mühüm üstünlük yaradacaq. Bu addım kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye və digər qeyri-neft sahələrində fəaliyyət göstərən müəssisələrin xarici bazarlara çıxış imkanlarını genişləndirə bilər.
Yeni dəstək mexanizmi Azərbaycanın qeyri-neft ixracının artırılması, yerli istehsalın təşviqi və sahibkarlıq mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilir.