ABŞ administrasiyası Çinin texnoloji yüksəlişini məhdudlaşdırmaq üçün sanksiyalar və ixrac məhdudiyyətlərini genişləndirsə də, Çin şirkətlərinin texnologiyaları qlobal biznesdə daha geniş istifadə olunmağa başlayıb. "CNBC"nin təhlilinə görə, süni intellektdən elektromobil akkumulyatorlarınadək müxtəlif sahələrdə dünyanın aparıcı şirkətləri Çin tərəfdaşlarına daha çox üz tutur.
Son illərdə bir sıra iri korporasiyalar Çin şirkətləri ilə əməkdaşlığı gücləndirib. "Apple" Çində süni intellekt funksiyalarını təqdim etmək üçün "Alibaba" və "Baidu" ilə işləyir. "Ford" elektromobil akkumulyator texnologiyaları sahəsində "CATL" ilə əməkdaşlıq edir. "Volkswagen" ağıllı elektromobillərin hazırlanması üçün "Xpeng"ə sərmayə yatırıb, "Stellantis" isə "Leapmotor" ilə tərəfdaşlığını genişləndirir.
Bu tendensiya ABŞ-ın son illərdə Çin texnologiya sektoruna qarşı tətbiq etdiyi məhdudiyyətlər fonunda daha diqqətçəkən görünür. Vaşinqton "Huawei"nin qara siyahıya salınmasından sonra qabaqcıl yarımkeçiricilərin və onların istehsalında istifadə olunan avadanlıqların Çinə ixracını məhdudlaşdırıb. Eyni zamanda "SMIC" kimi iri Çin çip istehsalçıları da müxtəlif sanksiyalarla üzləşiblər.
Buna baxmayaraq, Çin bir sıra texnoloji istiqamətlərdə qlobal liderliyini möhkəmləndirməyə davam edir.
"Counterpoint Research"in məlumatına görə, 2025-ci ildə "BYD", "Changan" və "Chery" daxil olmaqla Çin avtomobil istehsalçıları dünya elektromobil bazarının təxminən 63 faizini formalaşdırıblar. "CATL", "BYD", "CALB" və "Gotion" isə qlobal akkumulyator bazarının təxminən 70 faizinə nəzarət ediblər.
Analitik Soumen Mandal hesab edir ki, Çin artıq yalnız ucuz istehsal gücü ilə deyil, geniş təchizat zəncirləri, istehsal miqyası və innovasiya sürəti ilə rəqabət aparır.
Bu üstünlük xüsusilə elektromobil akkumulyatorları bazarında aydın görünür. Məsələn, "Ford" ABŞ-ın Miçiqan ştatında tikilən 3,5 milyard dollarlıq zavodunda litium-dəmir-fosfat akkumulyator texnologiyasından istifadə etmək üçün "CATL" ilə əməkdaşlıq edir.
Kitti Fok bildirir ki, elektromobil akkumulyatorları sektorunda təchizatçıların dəyişdirilməsi qısamüddətli qərar deyil. Onun sözlərinə görə, yeni texnologiyaya keçid illərlə davam edən mühəndislik işləri, sınaqlar və yenidən sertifikatlaşdırma prosesləri tələb edir.
Ekspertlər qeyd edirlər ki, bəzi transmilli şirkətlər üçün Çin texnologiyalarından istifadə yalnız texnoloji üstünlüklə bağlı deyil. Çində fəaliyyət göstərən xarici şirkətlər yerli qaydalar səbəbindən süni intellekt xidmətləri və bulud infrastrukturu üçün çox vaxt yerli texnologiya təminatçıları ilə işləməyə məcbur qalırlar.
Çinin təsiri süni intellekt sahəsində də sürətlə artır. Son dövrlərdə Çin şirkətlərinin hazırladığı modellər artıq yalnız aşağı qiymətə görə deyil, performansına görə də beynəlxalq şirkətlərin diqqətini cəlb edir.
"IDC"nin Avropa şirkətləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Çin mənşəli süni intellekt modellərinin seçilməsində əsas rol qiymət deyil. Şirkətlər təhlükəsizlik standartlarına uyğunluğu, normativ tələblərin yerinə yetirilməsini və yüksək məhsuldarlığı daha vacib amillər hesab edirlər.
Kitti Fok bildirir ki, Qərbdə Çin süni intellektinin yalnız ucuz alternativ olduğu barədə formalaşmış təsəvvür reallığı tam əks etdirmir. Onun sözlərinə görə, şirkətlər ilk növbədə məhsuldarlığa üstünlük verir və seçimlərini tənzimləyici tələblər nəzərə alınmaqla edirlər.
Bu sahədə Çin şirkətlərinin fərqləndirici xüsusiyyətlərindən biri də açıq mənbəli modellərə üstünlük vermələridir. "Alibaba" və "DeepSeek" kimi şirkətlər öz modellərini dünya üzrə proqramçılar üçün daha əlçatan etməyə çalışırlar. Bu yanaşma "Anthropic" və "OpenAI" kimi ABŞ şirkətlərinin daha qapalı inkişaf modelindən fərqlənir.
"Omdia"nın baş analitiki Lyan Tszö Sun hesab edir ki, ABŞ-ın tətbiq etdiyi texnologiya məhdudiyyətləri Çinin qabaqcıl yarımkeçiricilər sahəsində inkişafını müəyyən qədər ləngitsə də, eyni zamanda ölkədaxili innovasiyaların sürətlənməsinə səbəb olub.
Onun fikrincə, ABŞ sanksiyalarının ən mühüm nəticəsi Çinin öz texnologiyalarını inkişaf etdirmək və istehsal səmərəliliyini artırmaq üçün əlavə stimul əldə etməsi olub.
Analitiklər hesab edirlər ki, gələcəkdə Çin texnologiyalarına qarşı ən ciddi məhdudiyyətlər qabaqcıl yarımkeçiricilər, kibertəhlükəsizlik, müdafiə sənayesi və milli təhlükəsizlik kimi strateji sahələrdə qalacaq.
Bununla yanaşı, elektromobillər, akkumulyator texnologiyaları, istehlak elektronikası, robototexnika, pilotsuz uçuş aparatları və süni intellektin bir sıra istiqamətlərində Çin şirkətlərinin qlobal mövqelərinin daha da güclənəcəyi gözlənilir. Ekspertlərin fikrincə, bu proses gələcəkdə daha parçalanmış, lakin eyni zamanda daha praqmatik qlobal texnologiya ekosisteminin formalaşmasına səbəb olacaq.
MONETAR.AZ