Tailand Avropa İttifaqı (Aİ) ilə azad ticarət sazişi üzrə danışıqları 2027-ci ilin sonunadək başa çatdırmağı hədəfləyir. Baş nazir Anutin Çarnvirakul bildirib ki, saziş Avropada fəaliyyət göstərən Tailand şirkətlərinə xammalı daha aşağı qiymətə almaq imkanı yaradacaq. Hazırda həmin şirkətlər 20%-lik idxal rüsumu ödəyirlər.
Aİ-nin ticarət komissarı Maroş Şefçoviç cümə günü Tailandın ticarət naziri Suphaci Suthumpun ilə görüşərək danışıqların sürətləndirilməsini müzakirə edib. 2014-cü ildə hərbi çevrilişdən sonra dayandırılan danışıqlar 2023-cü ildə bərpa olunub.
Anutinin sözlərinə görə, bu ay ABŞ-la qarşılıqlı tariflər üzrə əldə edilən razılaşma Tailandın digər ticarət tərəfdaşları ilə sazişlərə marağını artırıb. ABŞ Tailand məhsullarına 18%-lik rüsum tətbiq edib. Böyük Britaniya da ölkə ilə ticarət sazişi üzrə danışıqlara başlayıb.
Baş nazir həmçinin bildirib ki, bu ay Çində keçirilən görüşlər zamanı ABŞ Prezidenti Donald Trampa yasəmən düyüsü də daxil olmaqla, bəzi Tailand məhsullarının rüsumlardan azad edilməsi ilə bağlı yazılı müraciət təqdim edib. ABŞ-ın ticarət nümayəndəsi məsələni araşdıracağını bildirib.
MONETAR.AZ