“İD-AGROPARK” MMC 2024-cü ilin yekunlarına dair konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin ümumi aktivləri 14,05 milyon manata yüksələrək əvvəlki illə müqayisədə artım göstərib (2023-cü ildə 13,14 milyon manat).
Cari aktivlər 4,48 milyon manat təşkil edib ki, bu da əsasən digər qısamüddətli aktivlərin və ehtiyatların artımı ilə bağlıdır. Pul vəsaitləri də əhəmiyyətli dərəcədə artaraq 109,6 min manata çatıb (2023-cü ildə 50,8 min manat).
Bununla yanaşı, şirkətin öhdəlikləri yüksək olaraq qalır. Cari öhdəliklər 34,14 milyon manat təşkil edib və bu göstərici aktivləri xeyli üstələyir. Xüsusilə “digər cari öhdəliklər” maddəsi 30,94 milyon manatla ümumi borcun əsas hissəsini təşkil edir.
Şirkətin kapitalı isə mənfi zonadadır. 2024-cü ilin sonunda bölüşdürülməmiş zərər 20,09 milyon manata çatıb və nəticədə ümumi kapital mənfi 20,09 milyon manat təşkil edib. Bu isə şirkətin maliyyə dayanıqlılığı baxımından ciddi risklər olduğunu göstərir.
Mənfəət və zərər hesabatına görə, “İD-AGROPARK” MMC 2024-cü ildə 2,29 milyon manat xalis zərər edib. Bununla belə, bu göstərici 2023-cü illə müqayisədə yaxşılaşıb (3,61 milyon manat zərər). Əsas fəaliyyətdən gəlir artsa da (1,50 milyon manat), satışın maya dəyərinin yüksək olması nəticəsində satışdan zərər yaranıb.
MONETAR.AZ