Brent 76 dolları keçdi – Növbəti dayanacaq 80 dollar

Brent 76 dolları keçdi –
18 İyun 2025 08:30

Artan gərginlik fonunda neft qiymətləri son 5 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb. ABŞ Prezidenti Donald Trampın İrana “qeyri-şərtsiz təslim” tələbi və ölkənin ali lideri Ayətullah Əli Xameneiyə qarşı səsləndirdiyi sosial media təhdidləri bazarlarda ciddi narahatlığa səbəb olub.

İsrailin keçən həftə İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra neftin qiyməti təxminən 10 % artıb. Hazırda Brent markalı xam neftin bir bareli 76 dolların üzərində, WTI (ABŞ nefti) isə 75 dollar civarında ticarət olunur.

İndiyədək İranın neft ixracı infrastrukturuna ciddi zərər dəyməsə də münaqişənin təsirləri əsasən dəniz nəqliyyatı ilə məhdudlaşıb. Orta Şərq dünyada hasil olunan neftin təxminən üçdə birini təmin edir və bölgədə mümkün genişmiqyaslı qarşıdurma qiymətlərdə daha kəskin artıma səbəb ola bilər.

Artan geosiyasi risklər qlobal maliyyə bazarlarında təlatüm yaradıb. İnvestorlar daha təhlükəsiz aktivlərə, xüsusilə qızıla yönəlirlər. Eyni zamanda, neft bazarında dəyişkənlik son üç ilin ən yüksək səviyyəsinə çatıb. Brent fyuçerslərinin qiymət fərqlərindəki artım təchizatla bağlı narahatlıqları əks etdirir. N

Hazırda əsas diqqət Hürmüz Boğazına yönəlib. Qlobal xam neft tədarükünün təxminən 20 faizi, o cümlədən Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrindən çıxarılan neft bu strateji keçiddən tranzit olunur. Hələlik Tehran tərəfindən bu boğazda nəqliyyata müdaxilə niyyəti müşahidə olunmasa da, regionda gərginliyin artması bu həyati əhəmiyyətli yolun təhlükəyə düşə biləcəyi ehtimalını gücləndirir.

Saxo Marketsin baş investisiya strateqi Çaru Çanana bildirib: “Trampın İranı qeyri-şərtsiz təslim olmağa çağırması və ali liderə qarşı təhdidləri göstərir ki, diplomatik həll imkanları tükənib. Ən pis ssenaridə Hürmüz Boğazının bağlanması neft qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər.”

MONETAR.AZ


Oxşar xəbərlər