Qlobal neft bazarında kəskin bahalaşma fonunda yanacaq qiymətləri də artım göstərib. Son məlumatlara əsasən, Amerika Birləşmiş Ştatlarında benzinin orta qiyməti 1 gallon üçün 4,45 dollara yüksəlib. Bu göstərici 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyə hesab olunur.
Məlumat ABŞ Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanıb. Bildirilib ki, Brent markalı neft ötən həftə qısamüddətli olaraq 126 dollar/barel səviyyəsinə qədər yüksəlib. Bu artım yanacaq bazarına birbaşa təsir göstərib.
Məlumata görə, benzinin qiyməti:
- son bir həftədə 8% artıb
- müharibədən əvvəlki səviyyə ilə müqayisədə 50%-dən çox yüksəlib
Analitiklər bildirirlər ki, hazırkı artım tempi 2022-ci illə müqayisədə daha sürətlidir. Həmin dövrdə qiymətlər 16 həftəyə 42% artmışdı, bu dəfə isə 10 həftə ərzində 52% yüksəliş qeydə alınıb.
Mütəxəssislər bahalaşmanı Yaxın Şərqdəki geosiyasi gərginliklər və xüsusilə İran ətrafında yaranmış hərbi risklərlə əlaqələndirirlər.
Qlobal enerji bazarındakı qeyri-müəyyənlik nəticəsində həm neft, həm də yanacaq qiymətlərində volatilliyin artdığı qeyd olunur.
MONETAR.AZ