Avropa İttifaqı (Aİ) bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək və köhnəlmiş enerji şəbəkələrini modernləşdirmək məqsədilə irimiqyaslı tənzimləmə paketi üzərində işləyir. Bloomberg-in Avropa Komissiyasının gələn ay dərc olunacaq sənəd layihəsinə istinadən verdiyi məlumata görə, yeni strategiya yaşıl enerji istehsalçılarına və istehlakçılarına geniş vergi güzəştlərinin tətbiqini, həmçinin rəqəmsal enerji şəbəkəsinə keçidi nəzərdə tutur.
Yaxın Şərqdə (xüsusilə İranla bağlı) davam edən geosiyasi gərginliklər və qlobal yanacaq bazarlarındakı qeyri-sabitlik bu addımların atılmasını Brüssel üçün milli təhlükəsizlik məsələsinə çevirib.
Yeni qanunvericilik təşəbbüsü Avropanın xarici neft və qazdan asılılığını minimuma endirmək məqsədi daşıyır. Avropada külək və günəş stansiyalarının sayı artsa da, fosil yanacaqlar hələ də ümumi enerji tələbatının təxminən 57%-ni təmin edir. Regional münaqişələrin yaratdığı qiymət şokları isə Aİ iqtisadiyyatına hər gün əlavə 500 milyon avro idxal xərci yükləyir.
Bu təzyiqi azaltmaq üçün vergi sistemində köklü dəyişikliklər planlaşdırılır:
-
Diferensial Aksiz Siyasəti: Elektrik enerjisi üçün minimum aksiz dərəcələri təbii qazla müqayisədə xeyli aşağı müəyyən ediləcək. Bu, istehlakçıları qaz qazanlarından elektrikli istilik sistemlərinə (məsələn, istilik nasoslarına) keçməyə təşviq edəcək.
-
Ağır Sənayeyə Nəfəslik: Yüksək enerji xərcləri səbəbindən rəqabət qabiliyyətini itirən və fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşən ağır sənaye müəssisələrinə (metallurgiya, kimya və s.) xüsusi vergi azadlıqları və kompensasiyalar veriləcək.
Yeni infrastruktur yol xəritəsinin əsas hədəfi yaşıl enerji istehsalçılarının qarşılaşdığı ən böyük problemi — şəbəkə çatışmazlığını aradan qaldırmaqdır. Hazırda küləkli və günəşli pik saatlarda şəbəkənin ötürmə qabiliyyəti yetərli olmadığı üçün yaşıl stansiyaların fəaliyyəti süni şəkildə məhdudlaşdırılır.
Bunun qarşısını almaq üçün Aİ istehlakçıların enerji istifadə vərdişlərini dəyişmək niyyətindədir. İstehlakçılar enerjinin bol və ucuz olduğu saatlarda (məsələn, günorta vaxtı və ya gecə yarısı) elektrikdən istifadəyə təşviq ediləcəklər. Bu dinamik idarəetmə üçün üzv dövlətlər qarşısında məcburi ağıllı sayğac (smart meter) kvotaları qoyulur.