Bakı Enerji Həftəsi start götürdü: enerji nəhəngləri paytaxtda bir araya gəlir

Bakı Enerji Həftəsi start götürdü:

Bu gün – iyunun 1-dən etibarən Bakıda regionun ən nüfuzlu enerji tədbirlərindən biri olan Bakı Enerji Həftəsi işə başlayıb.

Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorunu əhatə edən üç beynəlxalq tədbir keçirilir:

  • 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”;

  • 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power”;

  • 31-ci Bakı Enerji Forumu.

“Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunur. Bakı Enerji Forumu isə 1–2 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

Tədbirlər çərçivəsində dünyanın müxtəlif ölkələrindən enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye nümayəndələri bir araya gələrək neft-qaz sənayesinin inkişaf perspektivlərini, enerji təhlükəsizliyini, yaşıl enerji keçidini və yeni investisiya imkanlarını müzakirə edəcəklər.

Bakı Enerji Həftəsi ilə paralel olaraq Bakı Ekspo Mərkəzində 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi – “TransLogistica Caspian” da keçirilir.

Qeyd edək ki, Bakı Enerji Həftəsi uzun illərdir Xəzər regionunun ən böyük enerji platformalarından biri hesab olunur və beynəlxalq enerji gündəliyinin mühüm müzakirə məkanlarından biri kimi tanınır.

MONETAR.AZ