Ənvər İbrahim yaxın vaxtlarda ölkənin neft təminatı ilə bağlı strateji plan təqdim edəcək. Plan İran ətrafında davam edən münaqişənin yaratdığı qeyri-müəyyənlik fonunda hazırlanır.
Bernama agentliyinin məlumatına görə, hökumət milli iqtisadi fəaliyyətin davamlılığını təmin etmək üçün daxili enerji ehtiyatlarının kifayət qədər səviyyədə saxlanılması istiqamətində tədbirlər görür.
Malayziyanın iqtisadiyyat naziri Akmal Nasrullah Mohd Nasir planın yaxın zamanda açıqlanacağını təsdiqləyib. O bildirib ki, Hörmüz boğazınnda gəmiçiliyin pozulması mümkün qlobal enerji böhranı ilə bağlı ciddi narahatlıq yaradıb.
İranla müharibə Malayziyaya böyük maliyyə təzyiqi göstərib. Hökumətin hesablamalarına görə, yalnız aprel ayında yanacaq subsidiyalarına təxminən 7 milyard ringgit (1,8 milyard dollar) xərclənəcək. Bu göstərici münaqişədən əvvəlki səviyyədən on dəfə çoxdur.
Rəsmi qiymətləndirmələr göstərir ki, təchizat zəncirləri sabitləşdirilməsə, ölkənin milli neft ehtiyatları iyun ayına qədər tükənə bilər.
Problemin həlli üçün dövlət enerji şirkəti Petroliam Nasional Berhad (Petronas) yeni beynəlxalq təchizatçılarla danışıqların yekun mərhələsindədir. Məqsəd enerji mənbələrinin şaxələndirilməsidir.
Bununla yanaşı, ASEAN çərçivəsində regional əməkdaşlıq imkanları da nəzərdən keçirilir. Regional enerji ehtiyatlarının yaradılması ilə bağlı fəal danışıqlar aparılır.
Akmal Nasrullah Mohd Nasir qeyd edib ki, belə kollektiv sistemin formalaşdırılması üçün zəruri mexanizmlərin və hüquqi çərçivələrin hazırlanması istiqamətində hələ geniş iş görülməlidir.
Qısamüddətli perspektivdə Malayziya hökuməti iyunun 1-dən etibarən B15 biodizel standartına keçidin ölkədə dizel yanacağı ehtiyatlarının daha uzun müddət saxlanmasına və idxal bazarındakı volatilliyə qarşı əlavə təhlükəsizlik buferi yaratmasına ümid edir.
Neft təminatı planı Malayziyanın həm enerji istehsalçısı rolunu qorumağa, həm də daxili istehlak xərclərinin sürətlə artması ilə mübarizə aparmağa çalışdığı kritik dövrdə gündəmə gəlir.