Qətər münaqişə başlayandan bəri ilk dəfə Hörmüz boğazı vasitəsilə LNG ixrac edib

Qətər münaqişə başlayandan bəri ilk dəfə Hörmüz boğazı vasitəsilə

Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker Hörmüzndən uğurla keçib. Bu, İranla müharibənin başlanmasından sonra bölgədən yanacaq ixrac edən ilk gəmi olub.

Bloomberg-in gəmi izləmə sisteminə istinadən yaydığı məlumata görə, “Al Kharaitiyat” adlı tanker boğazı keçərək hazırda Oman körfəzindədir. Gəmi bu ayın əvvəlində Ras Laffan ixrac terminalında yüklənib və növbəti təyinat məntəqəsi kimi Pakistan göstərilib.

“Al Kharaitiyat”ın keçidi Fars körfəzindən enerji daşımalarının bərpa oluna biləcəyinə dair ilk ciddi siqnal hesab olunur. Region fevralın sonlarından etibarən faktiki olaraq iflic vəziyyətində idi. Məlumata görə, tanker İran sahilləri boyunca uzanan şimal marşrutundan istifadə edib və bu yol hazırda Tehran tərəfindən təsdiqlənmiş marşrut sayılır.

Münaqişədən əvvəl hər gün boğazdan təxminən üç LNG tankeri keçirdi. Hazırkı keçid diqqətçəkən hadisə olsa da, müharibədən əvvəlki ixrac həcmlərinin hələlik yalnız kiçik hissəsini təşkil edir.

Qətərin tankerləri boğazdan keçirməyə yönəlmiş əvvəlki cəhdləri təhlükəsizlik səbəbilə geri dönüşlə nəticələnmişdi.

ABŞ və İran qüvvələrinin Hörmüz boğazında yaratdığı faktiki blokada qlobal LNG tədarükünü ciddi şəkildə azaldıb, nəticədə qiymətlər yüksəlib və Asiyada genişmiqyaslı enerji çatışmazlığı yaranıb.

Qətər qlobal LNG bazarının əsas iştirakçılarından biridir. Ötən il ölkə dünya LNG istehsalının təxminən beşdəbirini təmin edib. Bildirilir ki, Abu Dhabi National Oil Company (ADNOC) şirkətinə məxsus azı iki tanker yaxın zamanda boğazdan keçə bilib. Lakin bazardakı əsas gərginlik məhz Qətərin məhsullarını daşımaq imkanının məhdudlaşması ilə bağlı olub.

“Al Kharaitiyat” tankerinin qeydiyyatdan keçmiş sahibi Qətərin gəmiçilik şirkəti Nakilatdir. Nə Nakilat, nə də QatarEnergy gəminin hərəkəti ilə bağlı sorğulara cavab verib.

Hazırda enerji sektoru yeni tranzitlərin baş tutub-tutmayacağını diqqətlə izləyir. Əsas sual isə açıq qalır: son keçid Hörmüz boğazında gəmiçiliyin etibarlı şəkildə bərpasının başlanğıcıdır, yoxsa bu yalnız istisna haldır.

Bununla belə, tankerin uğurlu keçidi dəniz qarşıdurmasının nəticələrindən əziyyət çəkən Asiya enerji bazarlarına müəyyən qədər rahatlıq gətirib.

MONETAR.AZ