OPEC-in ən kiçik üzvü olan Ekvatorial Qvineya xarici neft-qaz şirkətləri üçün daha əlverişli tənzimləmə şərtləri tətbiq etməyə hazırlaşır. Hökumət yeni qanunvericilik paketi vasitəsilə ölkəyə xarici investisiyaları cəlb etməyi və enerji sektorunda hasilatın kəskin azalmasının qarşısını almağı hədəfləyir.
“Bloomberg”in məlumatına görə, ölkənin karbohidrogenlər və faydalı qazıntıların inkişafı naziri Antonio Oburu Ondo Keyptaunda keçirilən konfrans çərçivəsində bildirib ki, yeni “Karbohidrogenlər haqqında” qanunun bazar ertəsi təsdiqlənməsi gözlənilir. Onun sözlərinə görə, yeni qaydalar neft şirkətləri üçün müqavilə şərtlərini daha rəqabətədavamlı və çevik edəcək.
Ekvatorial Qvineyanın neft hasilatı son illərdə kəskin azalıb. “Bloomberg”in göstəricilərinə əsasən, 2020-ci ildə ölkədə gündəlik hasilat 140 min barel olduğu halda, sentyabrda bu rəqəm 20 min barelə düşüb. Beləliklə, hasilat altı il ərzində 85 faizdən çox azalıb.
Enerji sektorundakı geriləmə ölkə iqtisadiyyatına da təsir göstərir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Ekvatorial Qvineyanın ümumi daxili məhsulu (ÜDM) bu il 1,7 faiz azalacaq.
Yeni qanun müxtəlif risk səviyyələrinə uyğun müqavilə modellərinin seçilməsinə imkan yaradacaq. Hökumət boş qalan neft-qaz blokları üzrə birbaşa ikitərəfli danışıqlara hazır olduğunu da bildirir. Bundan başqa, investorların cəlb edilməsi məqsədilə xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulur.
Ölkənin enerji sektorunda müəyyən investisiya imkanları qalmaqdadır. “Chevron”un qaz layihələrinə yatırımları, eləcə də “Meren Energy” və “Vaalco Energy” şirkətlərinin kəşfiyyat fəaliyyəti bu baxımdan diqqət çəkir. Bununla yanaşı, ölkənin əsas neft istehsalçılarından biri olmuş “ExxonMobil” təxminən 30 illik fəaliyyətdən sonra 2024-cü ildə Ekvatorial Qvineyanı tərk edib.
Prezident Teodoro Obiang Nqema Mbasoqo 1979-cu ildən ölkəyə rəhbərlik edir. Neft gəlirləri ölkənin idarəedici elitasının zənginləşməsinə töhfə versə də, sosial-iqtisadi göstəricilərlə bağlı problemlər qalmaqdadır.
İnvestorların siyasi riskləri necə qiymətləndirməsi ilə bağlı suala cavab verən nazir Antonio Oburu Ondo bildirib ki, şirkətlər qərar qəbul edərkən hüquqi və vergi şərtləri ilə yanaşı, geoloji imkanları da kompleks şəkildə təhlil edirlər.
Neft hasilatının azalmasına və bəzi Afrika ölkələrinin OPEC-dən çıxmasına baxmayaraq, Ekvatorial Qvineya təşkilatda üzvlüyünü qorumaqda maraqlıdır. Nazir ölkəsinin bu qurumda təmsil olunmasının əhəmiyyətini vurğulayaraq, belə təsir imkanlarına malik birliyin tərkibində olmağın üstünlük olduğunu qeyd edib.
MONETAR.AZ