Avropada qazın qiyməti 2 min dollara çata bilər

 Avropada qazın qiyməti

 Avropada təbii qazın qiyməti min dollar həddini keçib. Ekspertlər hesab edirlər ki, Hörmüz boğazının bağlı qalması və qışın ötən illə müqayisədə daha soyuq keçməsi qazın bahalaşmasını sürətləndirə bilər. Belə olan halda qiymətlərin 2021-ci ilin sonundakı kimi min kubmetr üçün 2 min dollara yüksəlməsi də istisna edilmir.

 Monetar.az xəbər verir ki, Avropanın qaz bazarında noyabr fyuçersləri min kubmetr üçün 1 005,2 dolları ötüb. Niderlandda yerləşən TTF qaz mərkəzində fyuçerslər günə 971,1 dollar səviyyəsində başlayıb.

 Enerji və maliyyə institutunun tədqiqat və inkişaf direktoru Aleksey Belogoryevin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə və istilik mövsümünün yaxınlaşması Avropada qaz qiymətlərinə təzyiq göstərir.

  Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 74% təşkil edib. Ekspert hesab edir ki, noyabrın 1-dək ehtiyatları cəmi 1–1,5 faiz bəndi artırmaq mümkün ola bilər. Qazın anbarlara vurulma sürətinin azalması isə soyuq hava şəraitində ehtiyatlardan istifadəyə daha tez başlanması riskini artırır.

 Qiymətlərə təsir edən digər amil Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı qeyri-müəyyənlikdir. Hörmüz boğazı ətrafında gərginlik və daşımaların çətinləşməsi Qətərin ixrac imkanlarının artmasına mane olur.

 Belogoryevin qiymətləndirməsinə görə, yaxın dövrdə Avropada qazın spot qiyməti min kubmetr üçün 900-1 200 dollar aralığında dəyişə bilər. Bununla belə, Hörmüz boğazının açılması və Qətərdən tədarükün bərpası qiymətləri aşağı sala bilər.

 Beynəlxalq Enerji Siyasəti İnstitutunun direktor müavini Aleksandr Frolov da qazın qiymətinin yenidən kəskin arta biləcəyini bildirib. Onun sözlərinə görə, 2021-ci ilin ikinci yarısında müşahidə olunan vəziyyət hazırkı bazarla müəyyən oxşarlıqlar daşıyır. Həmin ilin dekabrında Avropada qazın qiyməti min kubmetr üçün 2 min dollara yaxınlaşıb.

 Ekspert hesab edir ki, bu qışın daha soyuq keçməsi və Asiyada qaz tələbatının artması qiymətləri yüksəldə bilər. Çünki Avropa və Asiya bazarları eyni LNG tədarükü uğrunda rəqabət aparır.

 Bununla yanaşı, sənaye sektorunda qaz istehlakının azalması qiymət artımını məhdudlaşdıra bilər. Frolovun fikrincə, qiymətlərin 1500 dollara yüksəlməsi ehtimalı da var, lakin 2 min dollar səviyyəsinə çatması qaçılmaz deyil.