Ətraf mühitin keyfiyyətinə görə dünyanın ən yaxşı şəhəri ABŞ-ın Honolulu şəhəri seçilib. Ən aşağı göstəricilərə malik 30 şəhərin hamısı Asiyada yerləşir. Onlardan 23-ü Çinin payına düşür.
Monetar.az xəbər verir ki, “Oxford Economics Global Cities Index 2026” indeksində dünyanın 1 000 şəhəri ətraf mühit göstəricilərinə görə qiymətləndirilib. Reytinqdə havanın keyfiyyəti, emissiyaların intensivliyi, təbii fəlakət riskləri, temperatur və yağıntı dəyişiklikləri nəzərə alınıb. Qiymətləndirmə 100 ballıq şkala ilə aparılıb.
Honolulu 100 balla birinci yeri tutub. Braziliyanın Fortaleza şəhəri 96,9 balla ikinci, Norveçin Bergen şəhəri isə 96,4 balla üçüncü olub. İlk beşliyə həmçinin Yeni Zelandiyanın Vellinqton və Braziliyanın Arakaju şəhərləri daxil edilib.
Braziliya ilk 30-luqda 9 şəhərlə təmsil olunaraq bu göstərici üzrə ölkələr arasında lider olub. Siyahıda İsveç, İspaniya, İrlandiya, Avstraliya və digər ölkələrin şəhərləri də yer alıb.
Reytinqin sonuncu pilləsində Hindistanın Bokaro şəhəri qərarlaşıb. Şəhər 0 bal alıb. Hindistanın Şahcahanpur şəhəri 6,7 balla, Bhilai Nagar isə 11,7 balla sonrakı yerləri tutub.
Ətraf mühit göstəriciləri ən aşağı olan 30 şəhərin 23-ü Çində yerləşir. Siyahıda Hindistanın 5 şəhəri ilə yanaşı, İranın Kerman və Banqladeşin Khulna şəhərləri də var.
İndeksdə aşağı nəticələrə sənaye fəaliyyəti, kömürdən asılı enerji istehsalı, avtomobil emissiyaları və sürətli şəhərləşmə təsir göstərə bilər. Bununla belə, qiymətləndirmə yalnız havanın çirklənməsini deyil, həm də iqlim dəyişikliklərini və təbii fəlakət risklərini əhatə edir.