Azərbaycanda nadir tarixi avtomobillərin, incəsənət əsərlərinin, kolleksiya və əntiq əşyaların idxalına vergi və gömrük güzəştləri ilə bağlı qaydalara dəyişiklik edilib.
Monetar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 12 oktyabr 2026-cı il tarixli 333 nömrəli qərarında qeyd olunub.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında bir şəxs təqvim ili ərzində bir ədəddən, ölkə üzrə isə ümumilikdə 10 ədəddən çox olmamaqla raritet avtomobili idxal edə biləcək. Bu idxala ƏDV, aksiz və gömrük rüsumları üzrə azadolmalar nəzərdə tutulur.
Bundan başqa, Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında incəsənət əsərlərinin, kolleksiya və əntiq əşyaların idxalına ƏDV güzəşti tətbiq ediləcək. Bu əşyaların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.
Digər qərarla gömrük orqanlarına təqdim edilmiş malların məhv edilməsi qaydasına da dəyişiklik edilib. Nazirlər Kabinetinin 334 nömrəli qərarına əsasən, müvafiq qaydanın 4.3-cü bəndində nəzərdə tutulan bəzi sənədlərin təqdim edilməsi yalnız həmin sənədlər mövcud olduqda tələb ediləcək.