Dünya bazarında xam neftin qiyməti bir barel üçün 105 dolları ötərək son bir ayın ən yüksək səviyyəsinə çatıb. Bahalaşmaya Yaxın Şərqdə tədarük risklərinin artması və neft ixracında yaranan fasilələr təsir göstərib.
Monetar.az xəbər verir ki, Hörmüz boğazından keçən ticarət gəmilərinə təkrar hücumlar dəniz daşımalarında riskləri artırıb. Hücumlar nəticəsində Sinqapur bayrağı altında üzən konteyner gəmisi batıb. Fars körfəzində tanker daşımalarının tarifləri də rekord səviyyədə qalır.
Bundan əlavə, husilərin Səudiyyə Ərəbistanının enerji infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə hücumları neft ixracında fasilələri artırıb. Məlumata görə, bəzi tankerlər əvvəlki yükləmə məntəqələrindən yayınmağa başlayıb. Bu vəziyyət Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin neft ixracını artırmaq imkanlarını da məhdudlaşdırır.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına əsasən, oktyabrın 9-da başa çatan həftə ərzində ölkənin kommersiya xam neft ehtiyatları 8,6 milyon barel azalıb. Bu, fevral ayından bəri qeydə alınan ən kəskin həftəlik azalmadır.
Eyni zamanda, ABŞ-ın Strateji Neft Ehtiyatının həcmi dəyişməyərək tarixi minimuma yaxın səviyyədə qalıb.
Tədarük risklərinin artması və ABŞ-da neft ehtiyatlarının azalması dünya bazarında qiymətlərə yüksəldici təzyiq göstərir.