Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.
Monetar.az xəbər verir ki, Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara əsasən, hesabat dövründə gündəlik orta hesabla neft ixracı təxminən 56,8 min ton təşkil edib.
İxrac olunan neftin 14,2 milyon tonu konsorsiumun, 800 min tonu SOCAR-ın, 500 min tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanda 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 2,6 milyon tonu “Şahdəniz”, 400 min tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 5,1 milyon ton təşkil edib.
Hesabat dövründə xam neft hasilatı orta hesabla gündəlik 446 min barrel, kondensat hasilatı isə 101 min barrel olub. Ümumilikdə gündəlik neft və kondensat hasilatı 547 min barrel təşkil edib.