Uranın qiyməti ilin əvvəlindən 10 faiz artıb

Uranın qiyməti ilin əvvəlindən

2026-cı ilin üçüncü rübündə uranın qiyməti 4,9% artıb. Oktyabr ayında qiymət bir funt üçün 90 dollar həddinə yaxınlaşıb. Bahalaşmaya geosiyasi risklər və nüvə energetikasına tələbatın artması təsir göstərir.

 Monetar.az xəbər verir ki, ilin son rübündə də artım davam edərsə, uranın 2026-cı il üzrə bahalaşması ötən ilin göstəricisinə yaxın ola bilər.

 Qiymət artımının səbəblərindən biri Rusiyanın 2026-cı ilin sonunadək sulfat turşusu ixracını məhdudlaşdırmasıdır. Qazaxıstan uran hasilatında bu turşudan istifadə edir və tələbatının təxminən 20%-ni Rusiya idxalı hesabına ödəyir.

 Ümumdünya Nüvə Assosiasiyasının (WNA) məlumatına görə, 2025-ci ildə qlobal nüvə enerjisi istehsalı 2 702 teravatt-saata çatıb. Bu, əvvəlki illə müqayisədə 35 teravatt-saat çoxdur. Nüvə enerjisinin dünya üzrə elektrik istehsalındakı payı 9% olub.

 2025-ci ildə dünyada 11 yeni reaktorun tikintisinə başlanılıb. Onlardan doqquzu Çində, ikisi Rusiyada yerləşir. Hazırda təxminən 440 reaktor fəaliyyət göstərir, daha 80-i tikilir.

 WNA proqnozlaşdırır ki, müəyyən şərtlər daxilində qlobal nüvə enerjisi gücü 2050-ci ilədək 1 457 giqavata çata bilər. Nüvə energetikasının genişlənməsi və uran tədarükündəki risklər qiymətlərin artımını dəstəkləyən əsas amillərdir.