ABŞ-da inflyasiya göstəricilərinin gözləntiləri üstələməsi kriptovalyuta bazarında kəskin satış dalğasına səbəb olub. Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətini daha uzun müddət sərt saxlayacağı ilə bağlı narahatlıqlar investorların riskli aktivlərdən uzaqlaşmasını sürətləndirib.
Monetar.az xəbər verir ki, oktyabr ayının zəif və qeyri-sabit başlanğıcından sonra rəqəmsal aktivlər bazarında, o cümlədən altkoinlərdə də eniş dərinləşib.
Bakı vaxtı ilə saat 09:49-a olan birja məlumatlarına əsasən, Bitcoinin qiyməti 3,2% azalaraq 80 791,4 dollar səviyyəsinə düşüb.
Bu geriləmə nəticəsində bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta sentyabrın 20-dən bəri qeydə alınan ən aşağı qiymət səviyyəsinə yaxınlaşıb.
ABŞ-da istehlak qiymətləri indeksinin (CPI) analitiklərin proqnozlarından yüksək açıqlanması FES-in ilin sonunadək uçot dərəcəsini yenidən artıracağı və ya faizləri uzun müddət yüksək səviyyədə saxlayacağı ilə bağlı gözləntiləri gücləndirib.
Faiz dərəcələrinin yüksək qalması investorların riskli aktivlərə marağını azalda və kriptovalyutalar üzərində əlavə təzyiq yarada bilər.
ETF-lərdən kapital çıxışı və likvidasiyalar enişi dərinləşdirib
Satış təzyiqini gücləndirən digər amillər arasında ABŞ-da spot Bitkoin birja fondlarından (ETF) kapital axını və fyuçers bazarında uzun mövqelərin məcburi bağlanması göstərilir.
Məlumata görə, institusional investorların ETF-lərdən vəsait çıxarması ilə yanaşı, fyuçers bazarında ümumi dəyəri bir milyard dolları aşan uzun mövqelərin likvidasiyası qiymətlərə əlavə təzyiq göstərib.
Beləliklə, inflyasiya göstəriciləri, faiz siyasəti ilə bağlı gözləntilər və törəmə alətlər bazarındakı məcburi satışlar kriptovalyuta bazarında enişi gücləndirən əsas amillər kimi çıxış edib.
MONETAR.AZ