Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 15-də Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.
İmtahan saat 10:00 və 16:00-da olmaqla iki növbədə, kompüter vasitəsilə təşkil olunur. Hər növbə üzrə imtahanın müddəti 3 saatdır.
Namizədlər imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt bitdikdən sonra nəticələri ilə tanış ola biləcəklər. Nəticələr, həmçinin DİM-in rəsmi internet saytında yerləşdiriləcək.
Test imtahanından uğurla keçən namizədlərə müvafiq altqruplara daxil olan vəzifələr üzrə sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Sertifikat əldə etmək istəyən namizədlər oktyabrın 16-dan 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Formaya aşağıdakı sənədlərin skan edilmiş surətləri əlavə edilməlidir:
-
ali təhsil haqqında sənədin surəti;
-
əmək kitabçasının surəti (olduğu halda).
Müraciətdə göstərilən məlumatların və əlavə olunan sənədlərin düzgünlüyünü dövlət elektron informasiya sistemləri vasitəsilə yoxlamaq mümkün olmadıqda, namizəd müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə sənədlərin əslini 5 iş günü ərzində DİM-ə təqdim etməlidir.
İmtahan nəticələri ilə bağlı müraciətlərin araşdırılması üçün Apellyasiya Komissiyası oktyabrın 16, 19 və 20-də saat 14:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Komissiya Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında yerləşəcək.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.