Azərbaycanda inflyasiyanın 2026-cı ilin sonunda 6,1 faiz olacağı proqnozlaşdırılır

Azərbaycanda inflyasiyanın 2026-cı ilin sonunda 6,1 faiz

Azərbaycan Mərkəzi Bankının baza proqnozlarına əsasən, ölkədə inflyasiyanın 2026-cı ilin sonunda 6,1 faiz, 2027-ci ilin sonunda isə 5,8 faiz təşkil edəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib ki, əsas məqsəd dəyişməz olaraq qiymət sabitliyini qorumaqdır.

Onun sözlərinə görə, ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda olacağı proqnozlaşdırılsa da, təklif amilləri ilə əlaqədar qiymət artımı riskləri qalmaqdadır.

Taleh Kazımov qeyd edib ki, pul-kredit siyasətinin əsas prioriteti məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaq, faiz dərəcələrinin iqtisadiyyata ötürücülüyünü gücləndirmək və banklararası faiz dərəcələrindən daxili inflyasiya proseslərinin idarə olunmasında əlavə vasitə kimi istifadə etməkdir.

Mərkəzi Bankın sədri bildirib ki, 2022-ci ilin sentyabrından etibarən ölkədə banklararası pul bazarının formalaşdırılması istiqamətində işlər görülüb. Hazırda banklararası təminatsız pul bazarının istinad faiz dərəcəsi olan AZIR bir ildən artıqdır ki, ikinci dərəcəli əməliyyat hədəfi rolunu oynayır. Onun sözlərinə görə, AZIR ilə uçot dərəcəsi arasındakı fərq də azalıb.

Kazımov ötən il Avropa Yenidənqurma və İnkişaf Bankının birbaşa AZIR-ə istinad edilən dəyişən faizli istiqrazlar buraxmasını bu göstəricinin etibarlılığına verilən mühüm dəstək kimi qiymətləndirib.

Taleh Kazımov pul-kredit siyasətinin effektivliyinin artırılması üçün üç əsas istiqaməti önə çəkib. Bunlara faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünün gücləndirilməsi, AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidinin genişləndirilməsi və kapital və pul bazarlarının dərinləşdirilməsi daxildir.

O, gəlirlilik əyrisinin formalaşdırılmasını da maliyyə bazarlarının inkişafı baxımından vacib hesab edib. Bununla yanaşı, proqnozlaşdırma imkanlarının təkmilləşdirilməsi üçün məlumat analitikası və süni intellektdən istifadənin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Mərkəzi Bankın sədri əlavə olaraq kommunikasiyanın roluna diqqət çəkib. Onun fikrincə, mərkəzi bankın etibarlılığı pul-kredit siyasətinin effektivliyinə təsir edən ən mühüm amillərdən biridir.

“Etibarlılıq mərkəzi bankın ən dəyərli aktividir”, – deyə Taleh Kazımov bildirib.